REGİONLAR
Lənkəranda Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri təşkil olunub
Bakı, 16 sentyabr, AZƏRTAC
Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan AZƏRTAC-a verilən məlumata görə, 6 gün ərzində Lənkəran şəhərinin 15 kəndi üzrə 600 məktəblinin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları təşkil olunub.
İşçi qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən təlimlərdə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, gənclər “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş sərgi, süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri tanış olub, daha sonra praktiki şəkildə “CV” yazılma qaydası öyrəniblər.
Sonda İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilib.