Lənkəranda təhlükəsizlik orqanlarının 100 illiyi qeyd olunub
Lənkəran, 2 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 2-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və rolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə dövlət idarəçiliyi sisteminin təşkili çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı çox mühüm təsisatlardan birinin milli təhlükəsizlik orqanlarının olduğunu bildirib.
O, çıxışında xüsusi xidmət orqanlarının ötən dövr ərzində böyük inkişaf yolu keçərək fəaliyyətinin təkmilləşməsində və müstəqil dövlətimizin milli təhlükəsizliyinin qarantına çevrilməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolu olduğunu diqqətə çatdırıb.
Sonra Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları Birliyinin sədr müavini Azər Qarayev, Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev və Lənkəran Dövlət Universitetinin tələbəsi Rəşad Paşayev çıxış edərək, Ulu Öndərin təhlükəsizlik orqanlarının fəaliyyətinin xalqımızın milli maraqları baxımından düzgün istiqamətləndirilməsi, milli kadrların bu orqanlarda yerləşdirilməsi ilə bağlı göstərdiyi səylərdən söz açıblar.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyətinin bir sıra məqamlarını əks etdirən film nümayiş olunub.