Lənkəranda Ulu Öndərin xatirəsi dərin ehtiramla anılıb
Lənkəran, 12 dekabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasından 17 il keçsə də, onun ideyaları və əməlləri daim yaşayır.
Heydər Əliyev həyatını doğma xalqının azadlığına, müstəqilliyinə və milli tərəqqisinə həsr etməklə hər bir azərbaycanlının qəlbində özünə möhtəşəm abidə ucaldıb, xalqın Ümummilli Liderinə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, böyük rəhbərimizin Lənkəranın sosial-iqtisadi inkişafı ilə bağlı əvəzsiz xidmətləri olub. O, Azərbaycana rəhbərlik etdiyi illərdə dəfələrlə Lənkərana səfər edib, sakinlərlə səmimi və mehribanlıqla görüşərək onları narahat edən problemləri dinləyib və həlli ilə bağlı tapşırıqlarını verib, yeni infrastrukturun yaradılmasını, yaşayış massivlərinin salınmasını, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, emal müəssisələrinin tikilməsini birbaşa diqqətində saxlayıb, rayonda mədəni quruculuq sahələrində əməli işlər görüb.
Bu gün hər bir lənkəranlı qürur hissi keçirir ki, onlar bu diqqət və qayğını Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevdən görürlər.
Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamları lənkəranlılar sonsuz sevinc və minnətdarlıq hissi ilə qarşılayırlar.
Dekabr 12-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, “Regional İnkişaf” İctimai Birliyin könüllüləri, ictimaiyyətin nümayəndələri COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Lənkəranda tətbiq edilən sərtləşdirilmiş karantin rejiminin qaydalarına əməl olunmaqla Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.