LƏNKƏRANDAKI HEYDƏR ƏLİYEV İDARƏÇİLİK UNİVERSİTETİNİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ CƏNUB BÖLGƏSİNİN TARİXİNƏ HƏSR EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Lənkəran şəhərində fəaliyyət göstərən Heydər Əliyev İdarəçilik Universitetinin növbəti məşğələsi cənub bölgəsinin tarixinə həsr edilmişdir.
Tədbir iştirakçıları məşğələdən əvvəl Heydər Əliyev parkında ümummilli liderimiz Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.
Universitetdə «Lənkəran bölgəsi: tarix, müasir dövr və inkişaf perspektivləri» mövzusunda keçirilən elmi-praktiki konfransda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov, akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimov, vitse-prezident, akademik Nailə Vəlixanlı, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə, tarix elmləri namizədləri Rauf Məlikov, Tofiq Nəcəfli, Xeyirbəy Qasımov, İradə Məmmədova, Hacı Həsənov və Cəbrayıl Bəhrəmov mövzu ilə bağlı məruzə etmişlər.
Toplantıda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov demişdir ki, Prezident İlham Əliyevin ölkəmizdəki tarixi abidələrin mühafizəsi və bərpası ilə bağlı imzaladığı Sərəncama əsasən Lənkəranda müxtəlif tədbirlər həyata keçirilir, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq şəhərdəki VIII əsr yadigarı olan «Dairəvi Qala» yenidən bərpa edilir.
Elmi-praktiki konfransda cənub bölgəsində arxeoloji və coğrafi araşdırmaların aparılmasına ciddi ehtiyac olduğu bildirilmiş, bu məqsədlə AMEA-nın Tarix İnstitutu tərəfindən Lənkəran haqqında ensiklopediyanın tərtibinə başlandığı diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, ölkəmizin cənub-şərq bölgəsinin qədim dövrlərdən başlayaraq indiyədək olan dövrü əhatə edən və 9 fəsildən ibarət olan ensiklopediyasının hazırlanmasında yerli mütəxəssislərin və tarixçilərin köməyindən də istifadə ediləcəkdir.