Lətafət, ülfət və hikmət mənbəyi
Bakı, 6 yanvar, AZƏRTAC
Hər kəs doğulduğu kəndin, onu dünyaya bəxş edən torpağın övladıdır. Tahirin dünyaya göz açdığı Qobustan rayonunun Cəyirli kəndi musiqiyə böyük məhəbbəti ilə tanınır. Əbəs yerə deyil ki, kəndə gedən yolun kənarına vurulmuş nişanda da lira şəkli əks olunub.
AZƏRTAC xəbər verir ki, Tahir Aslanov (Şirvanlı) filologiya elmləri namizədidir, bir müddət N.Tusi adına Azərbaycan Pedaqoji Universitetində, Qızlar seminariyasında, Yerli sənaye və İnşaat texnikumlarında, Bakı Biznes Universitetində dərs deyib. 1996-cı ildən pedaqoji fəaliyyətlə məşğul olmur. Ötən ilin dekabrında isə təqaüdə çıxıb.
Mərhum şair Baba Pünhan vaxtilə bu misraları ona həsr edib:
Mən dedim Şirvanlıyam, şirvanlılar mat qaldılar,
Bu necə Şirvanlıdır ki, bir dənə şirvanı yox.
Amma maddi imkanı o qədər də yüksək olmayan Tahir Aslanovun mənəvi cəhətdən zəngin olmadığını söyləmək olmaz. O, klassik poeziyanın, klassik muğam, musiqi, xalq mahnıları və rəqslərin gözəl bilicisidir. Filoloq Nizami Gəncəvinin bir neçə poemasını, qəzəllərini, S. Vurğunun poemalarının böyük əksəriyyətini, M. Ə. Sabirin satiralarını, aşıq Ələsgərin qoşma və təcnislərinin, Əlağa Vahid yaradıcılığının çox böyük hissəsini əzbər bilir. Lakin onun yaddaş saxlancındakılar təkcə bunlar deyil. Tahir Abbas Tufarqanlının, aşıq Şəmşirin, habelə başqa şair və aşıqların yaradıcılığından nümunələri də əzbərləyib. Hətta bir dəfə məclislərin birində mərhum Xalq şairi Zəlimxan Yaqub da onun bu qabiliyyətinə heyranlığını bildirib.
Muğam və poeziya vurğunu olan Tahirin evində sayı 6 minə yaxın şəxsi kitabxanası var. Kitablarla yanaşı ayrı-ayrı qəzetlərdə dərc olunan maraqlı nümunələr, klassik poeziyaya və musiqiyə aid dəyərli tapıntılardan bəhs edən çoxlu məqalələr də onun illərdən bəri yığıb topladığı şəxsi arxivinin materialları arasındadır.
Tahirin ən qeyri-adi və qəribə xüsusiyyətlərindən biri də natiqlik məharəti, hər məqama, hər şəraitə uyğun şeir, məsəl və misalları yerli-yerində işlətməsidir. Elə bu qabiliyyətinə görə uzun illər çoxlu toy, nişan, ad günü məclislərinin aparıcısı, masabəyi olub. Bu işə ilk dəfə 1982-ci il iyunun 1-də Yevlax rayonun Malbinəsi kəndindəki toy məclisində başlayıb. O gündən sonra uzun illər ərzində nəinki idarə etdiyi toy məclislərinin tarixi, bəy-gəlinin adı, valideynləri, mikrofona dəvət etdiyi adamların hamısı yadındadır, hələ üstəlik qeyd vərəqələrini də saxlayıb.
Muğam və rəqs sahəsində isə Tahir Aslanovun fenomen yaddaşına ən yaxşı musiqi biliciləri də həsəd apara bilər. O, muğamların dəramət və şöbələrini, unudulmuş rəqsləri ən xırda incəliklərinə qədər bilir. İctimai nəqliyyatda və küçələrdə səslənən bayağı musiqilərlə prinsipial mübarizə aparır. Hətta bununla əlaqədar dəfələrlə aidiyyəti ünvanlara məktublar da yazıb.
Böyük Nizami “Sözün də su kimi lətafəti var”, - deyirdi. Doğrudan da, yerində deyilən söz həm ürəyə yatır, həm ülfət yaradır, həm də hikmətə çevrilir.