LİDER LİDERLİYİNİ TƏSDİQ EDİR
Texnoloji sərmayələr sahəsində dünya liderlərindən biri olan Intel Capital Fondu San-Fransiskoda (ABŞ) keçirilən 9-cu illik görüşün açılışında ümumi dəyəri 60 milyon dollardan çox olan 8 sərmayə layihəsinin gerçəkləşdiriləcəyini bildirmişdir.
AZƏRTAC xəbər verir ki, onların arasında interaktiv təhsil (Hindistan), pərakəndə interaktiv ticarət (Çexiya), habelə internet təhlükəsizliyi də daxil olmaqla, bir neçə Amerika layihəsi, Latın Amerikası üçün nəzərdə tutulan işçi heyətin idarə olunmasının proqram təminatı, səmərəli intellektual şəbəkə, onlayn-video, onlayn sağlamlıq, sosial şəbəkə və sair layihələr vardır.
Intel Capital Fondu qlobal texnoloji sərmayələrə tərəfdar olduğunu nümayiş etdirən bir neçə sövdələşmə bağlandığını da bildirmişdir. Bu, Malayziyada WiMAX şəbəkəsinin inkişafına yönəldilmiş şəbəkələrin inkişafı, Banqladeşdə sosial və iqtisadi inkişafı təmin edəcək müştərək müəssisələrdir.
Bu ilin zirvə toplantısında rekord sayda - 600-dən çox adam, o cümlədən nüfuzlu şəxslər, biznes liderləri, qlobal qərarlar qəbul edən rəhbərlər, investisiya texnologiyalarının növbəti nəslinə aid qlobal tədqiqatları maliyyələşdirmək niyyətində olan sahibkarlar iştirak etmişlər.
Cari ilin birinci rübündə Intel Capital Fondu dünyada 36 layihəyə, o cümlədən 10 yeni sövdələşməyə 83 milyon dollar sərmayə qoymuşdur. Fondun vəsaitinin 81 faizi Şimali Amerikanın hüdudlarından kənarda yerləşən şirkətlərə yönəldilmişdir.