Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olunub VİDEO
Lima, 24 iyun, AZƏRTAC
Perunun paytaxtı Limada Azərbaycanla Peru arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert Peru Xarici İşlər Nazirliyinin, Lima Şəhər Bələdiyyəsinin və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi və ölkəmizin Perudakı Diplomatik Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.
Konsert Limanın tarixi memarlıq abidələrindən biri olan, Latın Amerikasının ən qədim teatrları sırasında yer alan və Peru mədəni irsinin mühüm simvollarından hesab edilən “Manuel Asensio Sequra” teatrında baş tutub.
Yubiley tədbirində Perunun qadın və həssas əhali qrupları məsələləri üzrə naziri Edit Pariona Valer, Lima şəhərinin vitse-meri Fabiola Morales, Lima şəhərinin Miraflores bələdiyyəsinin başçısı Karlos Kanales, Perunun Xarici İşlər, Energetika və Mədəniyyət nazirliklərinin, Konqresin nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və nümayəndələri, müxtəlif regionların merləri, Azərbaycan diasporunun təmsilçiləri, ictimai-siyasi, mədəni və işgüzar dairələrin təmsilçiləri, elm xadimləri, eləcə də Azərbaycanın dostları iştirak edib.
Ölkəmizin Meksika Birləşmiş Ştatlarında, eyni zamanda, Peruda akkreditə olunmuş səfiri Seymur Fətəliyev Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasının iki ölkə arasında dostluq, qarşılıqlı hörmət və əməkdaşlığın uğurlu inkişafının göstəricisi olduğunu bildirib. O, son illərdə siyasi dialoqun, parlamentlərarası əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, eləcə də mədəniyyət və təhsil sahələrində qarşılıqlı münasibətlərin əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb.
Səfir Azərbaycan ilə Peru arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə, yeni istiqamətlər üzrə inkişaf edərək hər iki xalqın rifahına xidmət edəcəyinə əminliyini ifadə edib.
Peru Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Luis Alberto Kampana Azərbaycan ilə Peru arasında münasibətlərin son illərdə dinamik inkişafını vurğulayıb. O, siyasi dialoqun genişləndirilməsinin və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətindən söz açaraq, Peru tərəfinin mədəniyyət, təhsil və beynəlxalq təşəbbüslər də daxil olmaqla müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını bildirib.
Peru Konqresinin deputatı, Peru–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Rosanqella Andrea Barbaran Reyes mədəni diplomatiyanın xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edərək, bu kimi tədbirlərin Azərbaycan ilə Peru arasında humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsinə töhfə verdiyini bildirib.
Tədbir iştirakçılarına Azərbaycan və Peru bəstəkarlarının əsərlərindən ibarət xüsusi konsert proqramı təqdim olunub.