Yüksək qan təzyiqinin gizli təhlükəsi aşkarlanıb
Bakı, 24 iyun, AZƏRTAC
Yüksək arterial təzyiq hələ infarkt, insult və ya digər nəzərəçarpan simptomlar meydana çıxmazdan da əvvəl orqanizmə ciddi zərər vura bilər. Orqanlarda gizli zədələnmələri aşkar etmək üçün süni intellekt sistemi hazırlayan Oksford Universitetinin tədqiqatçıları bu nəticəyə gəliblər.
AZƏRTAC xəbər verir ki, araşdırmanın nəticələri “Circulation” jurnalında dərc olunub.
Alimlər hipertoniyanın eyni vaxtda bir neçə orqana təsirini qiymətləndirən “HyperScore” adlı alqoritm hazırlayıblar. Yalnız qan təzyiqi göstəricilərinə əsaslanan ənənəvi yanaşmadan fərqli olaraq, bu sistem ürəyin, beynin, böyrəklərin, qan damarlarının, qaraciyərin, ağciyərlərin fəaliyyəti və maddələr mübadiləsi ilə əlaqəli yüzlərlə göstəricini təhlil edir.
Modelin öyrədilməsi üçün mütəxəssislər Böyük Britaniyada həyata keçirilən “UK Biobank” layihəsinin 27 mindən çox iştirakçısının məlumatlarından istifadə ediblər. Daha sonra əldə olunan nəticələr ABŞ-dan olan daha 5,5 min nəfərin məlumatları əsasında yoxlanılıb. Təhlil göstərib ki, hipertoniyaya bağlı ən azı altı müxtəlif zədələnmə növü mövcuddur. Bəzi insanlarda xəstəlik daha çox ürəyə, digərlərində isə beyinə, böyrəklərə, damarlara və ya maddələr mübadiləsinə təsir göstərir.
Araşdırma həmçinin göstərib ki, “HyperScore” göstəricisi yüksək olan şəxslər gələcəkdə ürək-damar fəsadları ilə daha çox üzləşirlər. Bu hal hətta onların qan təzyiqi göstəriciləri ciddi narahatlıq doğurmadığı hallarda da müşahidə olunub. Gizli zədələnmənin ən mühüm əlamətlərindən biri maqnit-rezonans tomoqrafiyası zamanı aşkar edilən beyindəki dəyişikliklər olub.
Tədqiqatın müəlliflərinin sözlərinə görə, yeni texnologiya həkimlərə insult, ürək çatışmazlığı və böyrək xəstəlikləri riski yüksək olan pasiyentləri daha erkən mərhələdə müəyyən etməyə kömək edə bilər.