COP29 irsi, COP30 gündəliyi və COP31 hədəfləri Londonda müzakirə olunub
Bakı, 24 iyun, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “London İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində “Bakıdan Belemə və Türkiyəyə: Qlobal parçalanma dövründə iqlim əməkdaşlığının davam etdirilməsi” mövzusunda dəyirmi masa təşkil olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir COP29-un Bakıda əldə olunan nəticələrindən COP30-un Belem şəhərindəki gündəliyinə və COP31-ə hazırlıq prosesinə keçid mərhələsində qlobal iqlim əməkdaşlığının davamlılığının təmin edilməsinə həsr olunub.
Dəyirmi masa interaktiv müzakirə formatında keçirilib. Müzakirələr zamanı COP29-un irsi və nəticələrinin qlobal iqlim fəaliyyətinə töhfəsi, iqlim öhdəliklərinin praktik icra mexanizmlərinə çevrilməsi, eləcə də COP konfransları arasında siyasi dinamikanın qorunması məsələləri diqqət mərkəzində olub. İştirakçılar vurğulayıblar ki, iqlim əməkdaşlığı təkcə ekoloji deyil, həm də çoxtərəfli əməkdaşlığın, qlobal idarəetmənin və beynəlxalq etimadın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Prezidenti Muxtar Babayev, COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai, COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionlarının baş müşaviri Kristian Mensah, İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio, Rumıniyanın Baş nazirinin sabiq müavini və sabiq ədliyyə naziri Ana Birçal, Böyük Britaniya Lordlar Palatasının üzvü, Birlik Təşkilatının sabiq Baş katibi Patrisia Skotland, UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının sədri və Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zaçhiroli çıxış ediblər. Tədbirin moderatoru Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili olub.
Qeyd edək ki, dəyirmi masa COP29, COP30 və COP31 prioritetləri arasında körpülərin qurulması, iqlim gündəliyində davamlılığın və uzunmüddətli ambisiyanın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.