Zahid Oruc: Kibertəhlükəsizlik tədbirləri dövlət və maliyyə məlumatlarının mühafizəsini gücləndirəcək
Bakı, 24 iyun, AZƏRTAC
Qanun layihəsi ölkəmizin kiberməkanının yalnız hücumdan sonrakı dövrdə deyil, risklərin əvvəlcədən müəyyənləşdirilməsi, insidentlər zamanı xidmətlərin fasiləsizliyinin təmin olunması və sistemlərin operativ bərpası prinsiplərinə əsaslanan mühafizəsini nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bunu İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin iyunun 24-də keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişikliklər barədə danışarkən bildirib.
O bildirib ki, birinci mühüm istiqamət kritik informasiya infrastrukturunun qorunmasıdır.
Təklif olunan dəyişikliklərin əsas məqsədlərindən biri də məhz bu obyektlərin kibertəhlükələrdən etibarlı şəkildə qorunmasıdır.
İkinci istiqamət maliyyə sistemlərinin təhlükəsizliyidir. Kibertəhlükəsizlik yalnız informasiya sistemlərinin qorunması deyil, eyni zamanda, dövlət və kommersiya sirlərinin, maliyyə bazarları ilə bağlı məlumatların və digər həssas informasiyaların mühafizəsi deməkdir. Bu baxımdan, qanun layihəsi məlumatların qanunsuz əldə olunmasının, toplanmasının və yayılmasının qarşısının alınmasına xidmət edir.
Z.Oruc əlavə edib ki, üçüncü mühüm məqam rəqəmsal sübutlar və kibercinayətlərlə mübarizə mexanizmləridir. Layihədə rəqəmsal sübutların toplanması, saxlanılması və istifadəsi ilə bağlı hüquqi əsaslar daha dəqiq müəyyənləşdirilir.