“İrana Qasımova ilə poeziya klassikası” layihəsinin yubiley gecəsi Xurşidbanu Natəvana həsr olunub
Bakı, 23 iyun, AZƏRTAC
“İrana Qasımova ilə poeziya klassikası” layihəsinin növbəti tədbiri “Libraff” kitab mağazasının Park Akademiya filialında keçirilib. Gecə görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvana həsr olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Natəvanın şeirlərini şairlər, bədii qiraət ustaları və poeziyasevərlər – Leyli Salayeva, Səidə Sübhi, Əzizə Laym, Natali, Qasım Xəlilov, Nərgiz Fərzəliyeva, Zinyət Əmirova, Nigar Qaziyeva, Arzu Muradova, Leyla Qurbanova və Natəvan Məcidova səsləndiriblər.
“İrana Qasımova ilə poeziya klassikası” layihəsinə 2019-cu ildə start verilib. Təşəbbüsün məqsədi mümkün qədər çox insanı klassik ədəbiyyatı mütaliə etməyə həvəsləndirməkdir.
AZƏRTAC-ın müxbiri layihənin müəllifi və gecənin təşkilatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, rejissor və ssenarist İrana Qasımova ilə həmsöhbət olub.
“İrana Qasımova ilə poeziya klassikası” layihəsinin fəaliyyət göstərdiyi illər ərzində müxtəlif dövrlərin və mədəniyyətlərin bir çox görkəmli şairlərinə həsr olunmuş gecələr təşkil etmişəm. Lakin Xurşidbanu Natəvanın adı Azərbaycan tarixində xüsusi yer tutur. O, şairə, xeyriyyəçi və ictimai xadim kimi tanınır. Həm yaradıcılıq uğurları, həm də şəxsi sınaqlarla zəngin həyatı onun obrazını müasir insan üçün daha canlı və yaxın edir”, – deyə həmsöhbətimiz vurğulayıb.
Layihənin yaranma tarixindən danışan İ.Qasımova bildirib ki, bu təşəbbüs ədəbiyyata olan sevgidən və insanların klassiklərin şeirləri vasitəsilə öz hisslərini daha dolğun yaşaya, böyük şairlərdən ilham ala biləcəkləri bir məkan yaratmaq istəyindən doğub.
“Çünki artıq tanıdığımız şeirlərin səsləndirilməsini dinlədikdə, sanki onları ilk dəfə eşidirik. Bunun səbəbi qiraətçilərin hər misranı öz daxilindən keçirərək təqdim etmələridir. İlk tədbir yeddi il əvvəl keçirilmişdi və o zaman bu layihənin şairləri, aktyorları və poeziyasevərləri bir araya gətirən uzunmüddətli mədəni təşəbbüsə çevriləcəyini təsəvvür etmək çətin idi. Bu illər ərzində görkəmli Azərbaycan və rus şairlərinə həsr olunmuş onlarla ədəbi gecə təşkil edilib. Gələcəkdə Azərbaycan ədəbi irsinə daha çox diqqət ayırmağı planlaşdırıram. Əsas məqsəd ədəbiyyata marağı qoruyub saxlamaq və poeziyanın zaman və şəraitdən asılı olmayaraq insanları birləşdirmək gücünə malik olduğunu xatırlatmaqdır”, – deyə İ.Qasımova bildirib.
Müəllif – Anara Axundova