Azərbaycanla Türkmənistan regional inteqrasiyanın yeni mərhələsini formalaşdırır RƏY
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan və Türkmənistan xalqları etnik, mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlı olan qardaş xalqlardır. 2025-ci ilin avqust ayında Prezident İlham Əliyevin Aşqabada, bir neçə gün əvvəl isə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində imzalanan sənədlərin məzmunu göstərir ki, dövlət başçıları iki xalq arasındakı tarixi-mədəni bağlara əsaslanaraq həm də müasir geosiyasi və geoiqtisadi çağırışlara uyğun əməkdaşlıq modeli formalaşdırırlar. İki dövlət arasında siyasi dialoqun dərinləşməsi, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişlənməsi münasibətlərin yeni keyfiyyət mərhələsinə daxil olduğunu göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində dövlət başçılarının verdikləri bəyanatlar xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizinin enerji və nəqliyyat-logistika imkanlarından daha səmərəli istifadə olunmasının vacibliyi xüsusi vurğulanır. Nəzərə almaq lazımdır ki, Xəzər hövzəsi ümumilikdə dünyanın mühüm enerji və nəqliyyat-logistika mərkəzlərindən biri hesab olunur. Bu istiqamətdə Azərbaycanla Türkmənistanın fəaliyyətlərinin əlaqələndirilməsi region üçün yeni imkanlara yol açmaqla yanaşı, həm də Avropa ilə Asiyanın enerji bazarları üçün alternativ, etibarlı marşrutlar formalaşdırır. Bu strategiya Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiyanın geosiyasi gələcəyinə təsir göstərir.
"Türkmənistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində diqqət çəkən məqamlardan biri də humanitar əməkdaşlığın genişləndirilməsini ehtiva edən bəyanatların səsləndirilməsidir. Səhiyyə, idman, sosial müdafiə və digər sahələr üzrə imzalanan memorandumlar Azərbaycan-Türkmənistan münasibətlərinin yalnız iqtisadi maraqlara əsaslanmadığını, eyni zamanda, insan amilini ön plana çıxardığını nümayiş etdirir. Bu, gələcəkdə xalqlar arasında təmasların artmasına, qarşılıqlı etimadın möhkəmlənməsinə və ortaq türk kimliyinin daha da güclənməsinə xidmət edən mühüm amildir",- deyə M.Ələsgərli vurğulayıb.
Ekspert əlavə edib ki, səfər çərçivəsində Azərbaycanın Türkmənistan tərəfinə “Dostlug” tankerini təqdim etməsi xüsusi siyasi və simvolik məna daşıyır. Bu addım Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın möhkəm təməl üzərində qurulduğunu, tərəflərin qarşılıqlı etimada əsaslanan uzunmüddətli tərəfdaşlıq modeli formalaşdırdıqlarını nümayiş etdirir.