Maliyyə Nazirliyində dövlət qulluğuna qəbul edilən əməkdaşların andiçmə mərasimi olub
Bakı, 23 iyun, AZƏRTAC
23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Azərbaycan Respublikası Maliyyə Nazirliyində dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların andiçmə mərasimi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən maliyyə naziri Sahil Babayev dövlət qulluqçularının səmərəli fəaliyyətlərinin daim dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Nazir qeyd edib ki, cari ildə dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar dövlət qulluğunda şəffaflığın, ədalətliliyin və səmərəliliyin daha da artırılmasına, insan resurslarının peşəkar inkişafının təşviqinə xidmət edir. Yeni əməkhaqqı modeli dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılmasına, onların motivasiyasının yüksəldilməsinə və dövlət idarəetməsində nəticəyönümlü fəaliyyətin təmin olunmasına mühüm töhfə verir.
Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2026-cı il tarixli Sərəncamına əsasən, nazirliyin 10 nəfər əməkdaşının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini, 1 nəfər əməkdaşa isə 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verildiyini bildirib.
Təltif olunmuş nazirlik əməkdaşları adından göstərilən ali diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirən nazir S.Babayev cari dövrə qədər Maliyyə Nazirliyinin 115 nəfər əməkdaşının Azərbaycan Respublikasının fəxri adları, orden və medalları ilə təltif olunduğunu diqqətə çatdırıb.
Dövlət Himni səsləndirildikdən sonra yeni əməkdaşlar and içərək onlara göstərilən etimadı doğruldacaqlarına, vəzifə borclarını vicdanla və məsuliyyətlə yerinə yetirəcəklərinə söz veriblər.
Dövlət qulluğuna yeni qəbul olunmuş şəxslərə xidməti vəsiqələr təqdim edən nazir təltif olunan, eyni zamanda Maliyyə Nazirliyində ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən dövlət qulluqçularını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin müasir dövlət qulluğu sisteminin yaradılması və inkişafındakı əvəzsiz rolu xüsusi vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub və dövlət qulluğu sahəsində vahid dövlət siyasəti formalaşdırılıb.