REGİONLAR
Liman şəhərində Vətən müharibəsinin şəhidi Kamran Səmədovun adı əbədiləşdirilib
Lənkəran, 2 noyabr, Bağır Əliyev, AZƏRTAC
Torpaqlarımızın işğaldan azad olunması ilə başa çatmış 44 günlük Vətən müharibəsi rəşadətli Azərbaycan Ordusunun şanlı döyüş salnaməsinin ən parlaq səhifəsinə çevrilib. Bu şərəfli səhifəni cəsur oğullarımız qanları, canları ilə yazıblar. Onlardan biri də Lənkəran rayonunun Liman şəhər sakini Səmədov Kamran Ceyhun oğludur.
Torpaqlarımızın azadlığı uğrunda döyüşlərə könüllü olaraq qatılmış vətənpərvər gənclərdən biri kimi Kamran Səmədov döyüşlər zamanı yüksək qəhrəmanlıq göstərərək düşmənə sarsıdıcı zərbələr vurub. Cəsur döyüşçü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Kamran Səmədovun şəhadətinin ildönümündə Liman şəhərində onun adına tikilmiş bulağın açılışı olub.
Açılış mərasimində rayon rəhbərliyi, şəhidin ailə üzvləri, şəhər sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin tarixi əhəmiyyətindən danışaraq, bu zəfərin qəhrəman oğulların şücaəti və şəhidlərin qanı sayəsində qazanıldığını diqqətə çatdırıblar.
Şəhidin atası Ceyhun Səmədov oğlunun qəhrəmanlığından qürur duyduğunu bildirərək, övladının əziz xatirəsinin ədədiləşdirilməsi ilə bağlı görülən işlərə və ailəyə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Anım tədbirində məktəblilər şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.
Tədbir iştirakçıları şəhid Kamran Səmədovun məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Azərbaycan Ordusunun şəhid əsgəri Kamran Ceyhun oğlu Səmədov 1997-ci il fevralın 28-də Lənkəran rayonunun Liman şəhərində anadan olub. İgid döyüşçü Vətən müharibəsində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər də iştirak edib. Oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.