Lisey və gimnaziyalara 3 506 sorğu yerləşdirilib
Bakı, 1 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyaya və 287 nömrəli “Zəkalar” liseyinə birinci sinfə qəbul üzrə elektron ərizələrin qeydiyyatı mayın 31-də başa çatıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, fevralın 22-dən mayın 31-dək davam edən proses çərçivəsində qeyd olunan ümumtəhsil müəssisələrinə 3 506 elektron sorğu yerləşdirilib. Bu sorğulardan 227-si ərazi üzrə olduğu üçün həmin uşaqlar lisey və gimnaziyalara müsabiqədənkənar qəbul olunublar. Müsabiqə üçün sorğuların sayı isə 3 279-dur.
Ümumilikdə fevralın 22-dən ötən müddətdə birinci sinfə qəbul üzrə 42 046 uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə birinci sinfə şagird qəbulu proqnozunun 85 faizinə yaxın göstəricidir. Birinci sinfə şagird qəbulu prosesinin sentyabrın 15-nə kimi davam edəcəyini nəzərə alsaq, təkcə bu rəqəmin özü prosesin nə qədər səmərəli olduğunu deməyə əsas verir.
Bu il ilk dəfə məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatık birinci sinfə qəbul üzrə qeydə alınıb. Odur ki, məktəbəhazırlıq qrupunda oxuyan uşaq üçün yenidən birinci sinfə qəbul üzrə sorğu yerləşdirməyə ehtiyac yoxdur.
Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə birinci sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin online qeydiyyatı vasitəsilə həyata keçirilir.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinə birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Fevralın 22-dən sentyabrın 15-dək elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış alternativ Qqydiyyat mərkəzlərinə (http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.
Həmçinin birinci sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumtəhsil müəssisəsində apellyasiya komissiyaları (http://baku.edu.gov.az/az/page/277) fəaliyyət göstərir.
BŞTİ tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün elektron sistem vasitəsilə uşaqların birinci sinfə qəbulu barədə videotəlimat (https://www.youtube.com/watch?time_continue=1&v=KRMGV9hTHq8) hazırlanıb.
Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün fevralın 22-dən martın 2-dək BŞTİ-nin rəsmi “Facebook” səhifəsində (https://www.facebook.com/bakuedu.gov.az/) I sinfə qəbulla bağlı suallara cavab verilib.