“Liverpul” 17 ildən sonra ilk dəfə formasının əsas sponsorunu dəyişəcək
Bakı, 8 sentyabr, AZƏRTAC
“Turkish Airlines” 2027-2028-ci illər mövsümündən etibarən İngiltərənin “Liverpul” klubunun formasının əsas sponsoru olacaq.
AZƏRTAC “BBC Sport”a istinadən xəbər verir ki, tərəflər arasında imzalanan 5 illik müqavilənin ümumi dəyəri 300 milyon funt sterlinq təşkil edir. “Turkish Airlines” “Liverpul”un tarixində formasının ön hissəsində yer alan 6-cı sponsor olacaq.
Hazırda geyim dəstinin ön hissəsində “Standard Chartered” şirkətinin loqosu yer alır. Şirkət 2010-cu ildən klubun əsas sponsoru olub.
“Liverpul”un rəsmi saytının məlumatına görə, “Turkish Airlines” ilə yeni müqavilə Premyer Liqa tarixində yalnız forma üzərindəki sponsorluğu əhatə edən ən böyük kommersiya razılaşması olacaq. “Arsenal” və “Mançester Siti”nin “Emirates” və “Etihad Airways” ilə müqavilələrinə isə stadionların ad hüquqları da daxildir.
“Liverpul”un kommersiya məsələləri üzrə baş direktoru Ben Latti bildirib ki, formanın ön hissəsi klubun tarixində xüsusi yer tutur. O, “Turkish Airlines” ilə əməkdaşlığın Çempionlar Liqasının 2005-ci ildə İstanbulda keçirilmiş final matçından sonra yaranmış əlaqələri daha da gücləndirəcəyini qeyd edib.
“Turkish Airlines”nın baş icraçı direktoru Ahmet Olmuştur isə bildirib ki, bu tərəfdaşlıq beynəlxalq əhatə dairəsi, mükəmməlliyə sadiqlik və dünyanın hər yerində milyonlarla insana ilham vermək bacarığı ilə birləşən iki qlobal brendi bir araya gətirir.
Qeyd edək ki, bununla da “Liverpul” 17 ildən sonra ilk dəfə formasının əsas sponsorunu dəyişəcək.