Londonda Azərbaycan biznes-forumu işə başlamışdır
London, 12 may (AZƏRTAC). Bu gün Londonda “Savoy” mehmanxanasının Böyük zalında Azərbaycan biznes-forumu işə başlamışdır. İki gün davam edəcək forum cari ildə qeyd edilən Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuşdur. Biznes-forum Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Azərbaycan İxracı və İnvestisiyaları Stimullaşdırma Fondunun (“Azpromo”) dəstəyi ilə Avropa-Azərbaycan Cəmiyyəti (The European Azerbaijan Society - ТЕАS) tərəfindən təşkil edilmişdir.
Bu “pilot” tədbir gələcəkdə hər il keçiriləcək və onun məqsədi iri və orta səviyyəli sahibkarlar şəbəkəsi yaratmaqla Azərbaycanın özəl və dövlət sektorlarında investisiya və əməkdaşlıq imkanlarını öyrənməkdən ibarət olacaqdır. Bu cür geniş miqyaslı missiya Azərbaycan iqtisadiyyatında indiki və potensial trendləri və imkanları öyrənmək, potensial investorlara ölkəmizdə hazırki biznes şəraiti haqqında etibarlı informasiya vermək, investisiya inamını artırmaq və əlaqəli riskləri azaltmaq məqsədilə uğurlu nümunələri nümayiş etdirmək və populyarlaşdırmaq, əcnəbi investorların Azərbaycan iqtisadiyyatının ən cəlbedici sektorlarını müəyyən etməsinə kömək etmək kimi məsələləri əhatə edir.
Forumda iri investorlar, bankirlər, siyasətçilər, “beyin mərkəzləri”nin nümayəndələri, iqtisadçı alimlər, jurnalistlər və qeyri-hökumət təşkilatları iştirak edir.
Tədbirin təşkilatçıları məruzələr, fikir mübadiləsi, canlı diskussiyalar aparılması üçün əla texniki şərait yaratmışlar. Biznes-forumun iştirakçıları dünya bazarlarında baş verən trendlər haqqında ekspert proqnozları baxımından diqqətəlayiq olan ən dəqiq və ən təzə informasiya almaq imkanına malikdirlər. Sahibkarlar şəbəkələrinin yaradılması və onların işinin əlaqələndirilməsi məsələlərinə forumda xüsusi diqqət yetirilir.
Forumun rəsmi açılışından sonra Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Avropa-Azərbaycan cəmiyyətinin sədri Taleh Heydərov və Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun tədbir iştirakçıları qarşısında çıxış etmişlər.
Onlar tədbir iştirakçılarını salamlayaraq uğurlu və səmərəli işləmələrini arzulamışlar. Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən köklü iqtisadi islahatlar, onların aşkar uğurları barədə məlumat vermiş, son onillikdə Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə inkişaf etməsini vurğulamışlar. Bu sanballı göstəricilər xarici investorların ölkəmizə diqqətini cəlb etmişdir, halbuki 20 il bundan əvvəl onlar bu ölkəyə əsla diqqət yetirmirdilər. Bu gün isə Azərbaycan regionda aparıcı iqtisadiyyata malik dövlətdir. Təsadüfi deyildir ki, bu gün Avropanın ən iri paytaxt şəhərində toplaşmış çoxsaylı və məşhur sahibkarlar Azərbaycan iqtisadiyyatına sərfəli sərmayə qoyuluşu ilə bağlı məsələləri səmimi və işgüzar şəraitdə müzakirə edirlər.
Hazırda biznes-forumda plenar iclas gedir. AZƏRTAC iki gün müddətində bu tədbirin gedişi barədə operativ məlumatlar verəcəkdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
London
######
