LORD DİQBİ CONS: BRİTANİYA AZƏRBAYCAN İLƏ DOSTLUQ VƏ ƏMƏKDAŞLIQDAN ÇOX MƏMNUNDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda səfərdə olan Böyük Britaniyanın ticarət və investisiyalar naziri lord Diqbi Cons iyunun 4-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirmişdir.
Nazir bildirmişdir ki, bu, Azərbaycana ilk səfəridir və ölkəmizdə gördüklərindən məmnundur. Lord Cons demişdir: “Biz çox fəxr edirik ki, Britaniyanın bp şirkəti Azərbaycan hökuməti ilə neft və qaz sahəsində müvəffəqiyyətlə əməkdaşlıq edir. Azərbaycanın inkişafını nəzərə alaraq, deyə bilərəm ki, Bakı-London əməkdaşlığı daha da genişlənəcəkdir”.
Lord Diqbi Cons bildirmişdir ki, Azərbaycanda turizm sənayesinin inkişafı Britaniyanı çox maraqlandırır. İstirahət üçün çox gözəl iqlimə malik olan Azərbaycan bütün Avropa üçün cəlbedici olmalıdır.
Nazir onu da vurğulamışdır ki, bu səfərim zamanı mən başa düşdüm ki, dünyanın belə bir əhəmiyyətli bölgəsində yerləşən Azərbaycan XXI əsrdə daha cəlbedici olacaqdır. Azərbaycanın dost hesab etdiyi ölkənin naziri olmağımla fəxr edirəm. İnanıram ki, Azərbaycan enerji ehtiyatlarına görə dünyanın ən güclü dövlətləri siyahısında yer alacaqdır. Britaniya Azərbaycan ilə dostluqdan və əməkdaşlıqdan çox məmnundur.
Sonda Diqbi Cons jurnalistlərin suallarına cavab vermişdir.
Böyük Britaniyanın ölkəmizdəki səfiri xanım Kerolin Braun mətbuat konfransında iştirak etmişdir.
######
