“LUÇ” MƏDƏNİYYƏT XADİMLƏRİ ASSOSİASİYASINDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Almaniya-Azərbaycan mədəniyyət mərkəzi “Kapelhaus”da rus klassik ədəbiyyatının görkəmli nümayəndəsi Lev Tolstoyon anadan olmasının 180 illiyinə həsr edilmiş “Lev Tolstoy və müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Ölkəmizdə Rusiya Federasiyası səfirliyinin, Azərbaycanda rus icmasının və “Luç” mədəniyyət xadimləri assosiasiyanın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə assosiasiyanın sədri, filologiya elmləri doktoru, professor Həsən Quliyev qeyd etmişdir ki, Lev Tolstoyun adı yaddaşımıza dahi yazıçı kimi həkk olunmuşdur. O öz epoxasının fövqündə dayanmış bir sənətkardır.
Bakıdakı 160 nömrəli məktəbin müəllimi Svetlana Şirman məruzəsində vurğulamışdır ki, L.Tolstoy insan qəlbini, psixologiyasını dərindən duyan və öz əsərlərində yüksək bacarıqla əks etdirən sənətkardır. Onun həyatı da yaradıcılığı kimi ziddiyyətli faktlarla zəngindir. Bu özünü yazıçının İslam dininin ehkamlarına hörmət və bağlılığında, həmin ehkamlardan əsərlərində istifadəsində daha qabarıq göstərir.
Lev Tolstoyun Quranı bildiyini vurğulayan filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin kafedra müdiri Rafiq Novruzov bildirmişdir ki, müsəlmanların bu müqəddəs kitabının ruhu onun əsərlərinin əksəriyyətində hiss olunur.