MAESTRO NİYAZİNİN XATİRƏ GECƏSİ
Avqustun 20-də Niyazinin ev - muzeyində dahi Azərbaycan bəstəkarı və dirijoru, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları və beynəlxalq mükafatlar laureatı Niyazinin 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
Gecədə Mədəniyyət Nazirliyinin, paytaxt ziyalılarının nümayəndələri, Bakı Musiqi Akademiyasının tələbələri, maestronun yetirmələri iştirak edirdilər. Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva giriş sözü söylədi. O, xüsusi vurğuladı ki, ölkə ictimaiyyəti klassik musiqimizin korifeyinin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanını böyük ruh yüksəkliyi ilə qarşılamışdır.
Sonra əməkdar artist Ələkbər İskəndərov, xalq artisti Əminə Dilbazi, xalq artisti Xuraman Qasımova, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, akademiyanın dosenti Ülviyyə Hacıbəyova çıxış etdilər.
Natiqlər vurğuladılar ki, ölkəmizdə dirijorluq məktəbinin təşəkkülü Niyazinin adı ilə bağlıdır. Klassik və müasir əsərlər maestronun interpretasiyasında özünəməxsus, ideya-emosional cəhətdən daha da təsirli səslənirdi. Onun repertuarında Qərbi Avropa bəstəkarlarının əsərləri də böyük yer tuturdu.
Bəstəkar və dirijor gələcək nəsillərə böyük irs qoyub getmişdir. O, “Rast” simfonik muğamının, “Çitra” baletinin, “Xosrov və Şirin”, “Zaqatala süitası” kimi simfonik əsərlərin, gözəl mahnıların, teatr tamaşalarına, kinofilmlərə musiqinin müəllifidir. Niyazi hələ 1935-ci ildə “Şur” və “Rast” muğamlarını nota köçürmüşdür.
Xatirə gecəsinin sonunda maestronunun əsərlərindən ibarət konsert oldu.