Magistraturanı xaricdə oxumaq istəyən tələbələr üçün seminar
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Xaricdə magistratura: Nə? Niyə? Necə?” mövzusunda onlayn seminar keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova magistratura təhsilini xaricdə almağı düşünən tələbələr üçün seminarın faydalı olacağını bildirib.
UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri dosent Xətai Alıyev xaricdə təhsil almağın üstünlüklərini və digər önəmli məqamları açıqlayıb.
Empirik Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, Böyük Britaniyanın Qlazqo Universitetinin məzunu Nicat Muradzadə təqdimatla çıxış edərək, ölkə xaricində ali təhsilin magistratura səviyyəsi üzrə qəbul prosesinə, təqaüd proqramlarına və digər vacib məqamlara aydınlıq gətirib. Xaricdə magistratura təhsili almaq üçün həmin universitetin dünya reytinqlərindəki yerinin və ixtisasın populyarlığının nəzərə alınmasını tövsiyə edib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.