Malayziya MH370 reysinin axtarışını bərpa edəcəkmi?
Bakı, 30 may, AZƏRTAC
Malayziyanın yeni Baş naziri Mahathir Mohamad 2014-cü ilin mart ayında MH370 reysini həyata keçirən zaman yoxa çıxan laynerin axtarışının bərpa oluna biləcəyini istisna etməyib.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, Baş nazirin sözlərinə görə, yeni informasiya əldə olunsa, hökumət axtarışların bərpası məsələsini müzakirə edə bilər.
“Biz çox təəssüflənirik və doğmaların hisslərini başa düşürük, lakin MH370 reysinin axtarışlarını sonsuzluğa qədər davam etdirə bilmərik”, - deyə hökumət başçısı bildirib.
Xatırladaq ki, Kuala-Lumpur - Pekin reysini həyata keçirən Malaysia Airlines aviaşirkətinə məxsus Boeing 777-200 təyyarəsi 2014-cü il martın 8-də radarlardan itmişdi. Göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvünün olduğu təyyarənin Hind okeanının cənub hissəsində qəzaya uğradığı ehtimal edilir. Uzun müddət aparılan axtarışlara baxmayaraq, laynerdən hələ də bir iz tapılmayıb.
2018-ci il mayın 29-da ABŞ-ın “Ocean Infinity” kompaniyası təyyarənin axtarışının rəsmən başa çatdığını bildirib. Malayziya hökuməti ilə Amerika kompaniyası arasında imzalanmış sazişə əsasən, yanvarın 22-də başlayan axtarışlar 90 sutka davam etməli idi və “Ocean Infinity pulu yalnız layneri tapdığı təqdirdə ala biləcəkdi.