MALAYZİYADA İKT-NİN FÖVQƏLADƏ İCLASI KEÇİRİLİR
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin də iştirak etdiyi iclasda Livanda və Fələstin ərazilərində indiki vəziyyət müzakirə olunacaqdır. Bundan məqsəd münaqişə tərəfləri arasında atəşin tezliklə dayandırılması, oraya sülhməramlı qüvvələrin yeridilməsi və humanitar yardımın paylanması üçün bütün mümkün tədbirləri görməkdir.
Banqladeşin Baş naziri Xalid Ziya Rəhman iclasın açılışında Yaxın Şərqdə vəziyyətin gərginləşməsinin təhlükəli olduğunu vurğulamışdır. Onun sözlərinə görə, indiki vəziyyət mötədil islama doğru yenicə getməyə başlayan islam dünyasının radikallaşmasına gətirib çıxara bilər.
Pakistan XİN-in başçısı Xurşid Mahmud Qəsuri demişdir: “Biz sivilizasiyalar arasında toqquşma baş verməsini istəmirik. Amma inanın ki, islam dünyasında Qərbə çox mənfi münasibət dalğası qalxmaqdadır”.
Qeyd etmək lazımdır ki, ən nüfuzlu islam dövlətlərindən biri bu münaqişə barədə öz rəsmi mövqeyini avqustun 2-də açıqlamışdır. Misir XİN-in başçısı Əhməd Əbulgeyt hesab edir ki, nə qədər digər ölkələr Livan-İsrail münaqişəsinə cəlb olunmayıb, bu münaqişəni dayandırmaq lazımdır. O, müharibəyə “Hizbullah”ın əsas müttəfiqlərindən birinin – Suriyanın da cəlb oluna biləcəyini istisna etmir.
Putracayya iclasına 20-dək müsəlman ölkəsinin nümayəndələri gəlmişlər. Onlar birgə bəyannamə qəbul edəcəklər. Sənəddə onlar Livanda və Fələstin ərazilərində atəşin dərhal dayandırılmasını, öz sülhməramlılarının Yaxın Şərqdə vəziyyətin sabitləşdirilməsi üzrə beynəlxalq qüvvələrin tərkibinə qatılmasını və döyüş əməliyyatları zonasındakı dinc əhalinin humanitar yardımla, ilk növbədə, ərzaq yardımı ilə maneəsiz təmin olunmasını tələb edəcəklər.