SİYASƏT
Malayziyanın Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini Xarici İşlər nazirinə təqdim edib
Bakı, 2 iyul, AZƏRTAC
Xarici İşlər naziri Elmar Məmmədyarov Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Dato Yubazlan bin Yusof ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və insanlararası təmasların artırılmasının vacibliyi vurğulanıb. İqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün geniş potensialın mövcudluğunu bildirən tərəflər bu xüsusda enerji və nəqliyyat sektorlarını xüsusi qeyd ediblər.
Tərəflər iki ölkə arasında yüksəksəviyyəli səfərlər mübadiləsinin münasibətlərin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu söyləyiblər.
Səfir Dato Yubazlan bin Yusof ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nazir Elmar Məmmədyarov səfir Dato Yubazlan Bin Yusofa diplomatik fəaliyyətində uğurlar arzu edib.
Səfir Dato Yubazlan Bin Yusof etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.