İQTİSADİYYAT
Maliyyə Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olmuşdur
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Maliyyə nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivləri müzakirə olunmuş, 2013-cü il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, cari ilin dövlət büdcəsinin icrası və 2014-cü il üzrə dövlət büdcəsinin parametrləri barədə fikir mübadiləsi aparılmış, xərclər üzrə səmərəliliyin artırılması istiqamətində atılan addımlar qeyd olunmuşdur. Həmçinin ölkəmizdə bazar iqtisadiyyatı istiqamətində həyata keçirilən islahatların və makroiqtisadi sabitliyin təmin olunmasının önəmi vurğulanmış, Azərbaycanın prioritet elan etdiyi sahələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Nazir Samir Şərifov bildirmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin növbəti beş il üçün Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizdə sabitliyin və dayanıqlı sosial-iqtisadi siyasətin bundan sonra da davam etməsini təmin edəcəkdir. Nazir qeyd etmişdir ki, dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatında keyfiyyətcə yeni mərhələnin başlanması ilə əlaqədar hökumət qarşısında qeyri-neft ümumi daxili məhsulun iki dəfəyədək artması vəzifəsini qoymuşdur.
Azərbaycanda müşahidə olunan makroiqtisadi və maliyyə sabitliyi barədə danışan missiya rəhbəri Raca Almarzoqi qeyri-neft gəlirlərinin artırılması və qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətləri müsbət qiymətləndirmişdir.