Maliyyə Tədris Mərkəzinin növbəti təlimi başa çatıb
Naxçıvan, 6 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində maliyyə və mühasibatlıq üzrə mütəxəssislər üçün növbəti təkmiləşdirici təlim təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iki gün davam edən təlimə müxtəlif büdcə təşkilatlarından bu sahə üzrə fəaliyyət göstərən mütəxəssislər cəlb olunub.
İki moduldan ibarət olan təlimdə əvvəlcə çıxış edən mərkəzin direktoru Mehriban İmanova tədbirin aktuallığı və mahiyyəti barədə iştirakçıları məlumatlandırıb. Qeyd edilib ki, ölkəmizdə kommersiya təşkilatları ilə yanaşı, ictimai əhəmiyyət kəsb edən qurumlarda da mühasibat uçotu və maliyyə hesabatları beynəlxalq prinsip, həmçinin standartlara uyğun olaraq qurulub, inkişaf etdirilir. Təlimin də məqsədi bu təşkilatlarda mühasibat uçotu məlumatları əsasında hazırlanan müəssisənin maliyyə vəziyyəti, maliyyə nəticələri və onun maliyyə vəziyyətinin dəyişməsi barədə vahid məlumat sistemi olan maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri-metodoloji prinsiplərinin, eyni zamanda, praktiki qaydalarının beynəlxalq standartlara uyğun tədrisinin təmin edilməsi və bu sahədə mütəxəssislərin biliklərinin artırılmasından ibarətdir.
Gündəliyə uyğun olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin sektor müdiri-baş mühasibi Elvin Əlimərdanov “Büdcə təşkilatlarında maliyyə hesabatlarının tərtibinin nəzəri əsasları” mövzusunda çıxış edib. O, maliyyə hesabatlarının tərtib edilməsi və təqdimatı üzrə konseptual əsaslar, müxtəlif təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu vasitəsilə uçota alınması və digər nəzəri, metodiki məsələləri geniş şəkildə izah edib.
Növbəti gün əməliyyat jurnallarında qeydiyyatın aparılması, dövriyyə cədvəllərinin hazırlanması, müasir tələblərə uyğun olaraq maliyyə hesabatlarının tərtib edilməsi üzrə müvafiq praktiki tapşırıqlar yerinə yetirilib.
Təlimin sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün test imtahanı keçirilib, müvəffəqiyyət əldə edən iştirakçılara mərkəzin sertifikatları təqdim olunub.