Mart soyqırımı qurbanlarının əziz xatirəsi həmişə yaddaşlarda qalacaq
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov iştirak edib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən universitetin rektoru, professor Mustafa Babanlı son yüz ildə ermənilərin xalqımıza qarşı törətdikləri qanlı cinayətlərdən söz açıb. Vurğulanıb ki, bu hadisələrdə həyatını itirmiş soydaşlarımızın əziz xatirəsi həmişə yaddaşlarda qalacaq. Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymət verilib.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov böyük havadarlarının dəstəyi ilə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımının tarixindən danışıb. O, 1905-1907-ci illərdə azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər, 1918-ci ilin mart-aprel aylarında ölkənin müxtəlif bölgələrində minlərlə soydaşımızın xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin düşməsi barədə məlumat verib.
Xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırımı siyasətinin bu gün də davam etdirildiyini deyən Y.Mahmudov vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı ermənilər tərəfindən həyata keçirilən vəhşiliklər, Xocalı faciəsi, Dağlıq Qarabağ və ona bitişik rayonların işğalı, bu ərazilərdəki mədəniyyət abidələrinin dağıdılması Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsidir.
Tarixi faktlarla soyqırımı həqiqətlərinin dünyaya çatdırılması işinə dövlət tərəfindən göstərilən dəstəkdən danışan Y.Mahmudov deyib ki, bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin maarifləndirilməsi işində hər bir soydaşımızın üzərinə məsuliyyət düşür.