Mart soyqırımı xalqımızın başına gətirilmiş ən dəhşətli faciələrdən biridir
Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Bakı Slavyan Universitetində (BSU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən birinin daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar olduğunu deyib.
Diqqətə çatdırılıb ki, həmin günlərdə Bakıda, habelə digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib, mədəniyyət abidələri, yaşayış məntəqələri dağıdılıb. Soyqırımından 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
BSU-nun azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov soyqırımı ilə bağlı ötən 20 il ərzində aparılmış araşdırmalardan söz açıb. Bildirilib ki, bu araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. S.Məmmədov deyib: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilər tərəfindən törədilmiş qətl və qırğınlar tariximizin ağrılı və faciəli səhifələrindəndir”.
Sonda mərhum kinorejissor, BSU-nun jurnalistika kafedrasının müəllimi Ələkbər Muradovun “Yaddaşın rəmzi” sənədli filmi nümayişi olunub.