REGİONLAR
Masallıda insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici seminar təşkil olunub
Masallı, 29 noyabr, İlkin Adıyev, AZƏRTAC
Masallı rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər Evi” SXM-nin və Ombudsmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi” mövzusunda maarifləndirici seminar təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov tədbiri açaraq seminarın rayon gəncləri üçün əhəmiyyətindən danışıb.
Sonra Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov təqdimatla çıxış edərək, insan alveri anlayışı, insan alveri qurbanları, onların sosial, hüquqi müdafiəsi və insan alverinə qarşı mübarizədə bu cür maarifləndirici seminarların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Diskussiya şəkilində davam edən seminar gənclər tərəfindən böyük maraqla qarşılanıb, onları maraqlandıran suallar cavablandırılıb.