REGİONLAR
Masallıda seçici fəallığı müşahidə edilir
Masallı, 9 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunda 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar və 72 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyaları fəaliyyət göstərir. Seçki məntəqələrində seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 9-da Masallıya yağan qar Milli Məclisə keçirilən seçkilərdə seçici fəallığına təsir etməyib. 70 saylı Masallı şəhər seçki dairəsinin 36 nömrəli Qasımlı kənd seçki məntəqəsində olarkən bunun bir daha şahidi olduq.
Səhər saatlarından başlayaraq seçicilər seçki məntəqəsinə gələrək layiq bildikləri namizədə səs verirlər. Səsvermənin gedişini yerli müşahidəçilər izləyir.
Məntəqə seçki komissiyasının sədri Surət Nuriyevin verdiyi məlumata əsasən, məntəqədə 1247 nəfərin adı seçici siyahısına daxil edilib. Onlardan 5 nəfəri ilk dəfə səs verənlərdir.
Kənd sakini Rəzzaq Məmmədov bildirib ki, seçki məntəqəsində seçkilərin azad, şəffaf və demokratik şəkildə keçirilməsi üçün lazımi şərait yaradılıb.
70 saylı Masallı şəhər seçki dairəsi üzrə 10 namizəd mübarizə aparır. Dairə üzrə 43 məntəqədə 40 min 24 seçici var. Onlardan 60 nəfəri ilk dəfə səs verən gənclərdir. Bu dairə üzrə seçicilərdən ikisinin yaşı 100-dən yuxarı olan qadınlardır. Səsvermə prosesini 821 yerli müşahidəçi izləyir.
71 saylı Masallı kənd seçki dairəsində deputat mandatı uğrunda mübarizə aparan namizədlərin sayı 9 nəfərdir. Bu dairə üzrə 35276 seçici qeydə alınıb.
75 saylı Lənkəran-Masallı seçki dairəsində 6 nəfər deputatlığa namizəd qeydə alınıb. Bu dairə üzrə 41 məntəqədə 38 min 746 seçicinin səsvermə hüququndan istifadə etməsi üçün lazımi şərait yaradılıb. Dairə üzrə 10 nəfər ilk dəfə səs verənlərdir.
Bölgənin ən yaşlı seçicisi də bu dairənin 12 saylı məntəqəsində daşınan qutu vasitəsilə yaşadığı evdə səs verib. O, 1905-ci il təvəllüdlü Boladi kənd sakinidir.