Masallıda tütün yarpağı yığımına başlanılıb
Masallı, 13 iyul, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür Masallı rayonunda tütün yarpağı yığımına başlanılıb. Qısa müddətdə sahələrdən 4 ton məhsul yığılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, bu il rayonda tütünçülüklə məşğul olan fermerlər və məhsul istehsalçıları 52 hektar sahədə tütün əkiblər. Məhsul istehsalçıları əkin zamanı daha çox “İmunium” növlü ətirli və qiymətli tütünə üstünlük veriblər.
Qeyd edək ki, ötən il rayonda 51 hektar sahədən 87,1 ton tütün yarpağı yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Masallıda tütün yığımı kampaniyası oktyabrın sonunadək davam edəcək.