“Mauthauzen” əsir düşərgəsinin nasizmdən azad edilməsinin yubileyi virtual məkanda qeyd edilib
Vyana, 11 may, AZƏRTAC
İkinci Dünya müharibəsinin başa çatmasının ildönümü hər il Avstriyada özünəməxsus şəkildə qeyd edilir. Burada əsas diqqət Avstriyanın Yuxarı Avstriya federal əyalətində yerləşən keçmiş “Mauthauzen” əsir düşərgəsinin alman nasistlərindən azad edilməsinə həsr olunan mərasimə yönəlir.
AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar bu il əsir düşərgəsinin azad edilməsi tədbirləri virtual məkanda qeyd edilib. Rassizm və antisemitizmə qarşı dözümsüzlüyə çağıran bu məkanla bağlı tədbirdə Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen, Federal Kansler Sebastian Kurts, Parlamentin sədri Volfqanq Sobotka, ölkənin aparıcı partiyalarının təmsilçiləri çıxış ediblər. Çıxış edənlər bəşəriyyətə qarşı ən böyük cinayətlərin törədildiyi məkanlardan biri olan Mauthauzeni “unutqanlığa qarşı məkan” kimi dəyərləndirib və gənc nəsli nasist cinayətlərini unutmamağa çağırıblar.
İnternet vasitəsilə yayımlanan mərasimə 23 ölkədən izləyici və çıxışçılar qatılıblar.
Əsir düşərgəsinin azad edilməsi münasibətilə təşkil olunan tədbirlərdə Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları hər il iştirak edir, ümumi anım monumenti və azərbaycanlı əsirlərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyurlar.
Xatırladaq ki, 2001-ci ildə “Mauthauzen” əsir düşərgəsində, 2011-ci ildə isə “Ebenzee” əsir düşərgəsinin ərazisində Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü və birbaşa dəstəyi ilə azərbaycanlı əsirlərin xatirəsini əbədiləşdirən abidələr qoyulub. Rəsmi məlumata görə, müharibə illərində “Mauthauzen”də 81 azərbaycanlı əsir qətlə yetirilib. Azərbaycan səfirliyinin araşdırmaları nəticəsində “Mauthauzen” və onun tabeliyindəki digər əsir düşərgələrində 300-dək soydaşımızın əsir olduğu müəyyən edilib.
Yaradıldığı 1938-ci ildən İkinci Dünya müharibəsinin sonunadək “Mauthauzen” əsir düşərgəsində müxtəlif Avropa ölkələrindən 200 mindən çox hərbi əsir işgəncələrə məruz qalıb, onların təxminən yarısı (90 min nəfər) isə alman nasistləri tərəfindən məhv edilib. Avstriya ərazisində ən böyük əsir düşərgəsi olmuş “Mauthauzen”in ona yaxın ətraf ərazilərdə 49 “filialı” fəaliyyət göstərib, onlardan biri olan “Ebenzee”də 27 mindən artıq hərbi əsir yerləşdirilib.
1945-ci ildə ABŞ ordusu tərəfindən azad edilən “Mauthauzen” əsir düşərgəsi 1947-ci ildən tarixi xatirə kompleksi kimi fəaliyyət göstərir. Burada hərbi əsirlərin saxlandığı baraklar, “xəstəxana”, həbsxana, qaz kameraları və krematoriya olduğu kimi saxlanılır və tarixin acı gerçəkliklərinin nümunəsi kimi qorunur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana