MDB dövlətlərinin milli elektron səhiyyə sistemlərinin inteqrasiyası məsələləri müzakirə olunub
Bakı, 15 aprel, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin mənzil-qərargahında Birliyin iştirakçı dövlətlərinin milli elektron səhiyyə sistemlərinin inteqrasiyası məsələləri üzrə İşçi qrupun iclası keçirilib. AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, gündəliyin əsas mövzusu MDB-nin iştirakçı dövlətlərinin teletibb məsləhətləşməsi sahəsində transsərhəd qarşılıqlı fəaliyyətinin inkişafı üzrə Yol xəritəsinin realizəsinin müzakirəsi olub.
İclas iştirakçıları Belarus və Rusiya arasında teletəbabətin təşkili üzrə pilot layihəsi nümunəsində MDB iştirakçı dövlətlərinin teletibb məsləhətləşməsi sahəsində transsərhəd qarşılıqlı fəaliyyətinin inkişafı üzrə Yol xəritəsinin realizəsi ilə tanış olublar. Tərəflər çek-vərəqlər hazırlayıblar ki, onların əsasında Rusiya Federasiyası və Belarus Respublikasında teletibb texnologiyalarının tətbiq edilməsi ilə tibbi yardımın təşkili və göstərilməsində hüquqi tənzimlənmənin və proqram-texniki imkanlarının təhlili aparılıb, teletibb məsləhətləşməsi prosesində iştirak edən müəssisələr müəyyən edilib.
MDB iştirakçı dövlətlərinin nümayəndələri bu layihəyə qatılmaq, Belarus və Rusiyanın hazırladıqları çek-vərəqlər əsasında təhlil aparmağa maraqlı və hazır olduqlarını ifadə ediblər.
Diskussiya zamanı qeyd edilib ki, elektron səhiyyənin inkişafı və inteqrasiyası üzrə iş həm MDB, həm də Avrasiya İqtisadi Komissiyası çərçivəsində aparılır. Bununla əlaqədar olaraq funksiyaların təkrarlanmasının istisna edilməsi və bu istiqamətdə əməkdaşlığın inkişafında vahid yanaşmaların işlənib hazırlanması üçün sıx qarşılıqlı fəaliyyətə ehtiyac var.