“MDB-NİN TANINMIŞ ŞƏRABÇILARI” KİTABINDA AZƏRBAYCAN ALİMLƏRİNDƏN BƏHS EDİLİR
AZƏRTAC xəbər verir ki, Krım Şərabçılar Birliyi “MDB-nin tanınmış şərabçıları” (rus dilində) kitabını çap etdirmişdir.
Birliyin prezidenti, “Maqaraç” Milli Üzüm və Şərab İnstitutunun baş elmi işçisi, texnika elmləri doktoru, professor German Valuykonun ümumi redaktəsi ilə buraxılmış nəşr adı çəkilən institutun 180 illiyinə həsr olunmuşdur. Kitabda MDB məkanında sahənin inkişafına töhfə vermiş, üzümçülük və şərabçılıq elmini zənginləşdirmiş 285 alim və mütəxəssisin bioqrafiyasından söz açılır.
Bu sanballı ensiklopedik nəşrdə Azərbaycanın şərabçı alimləri haqqında məlumat da yer almışdır. Siyahıya kənd təsərrüfatı naziri İsmət Abasov başçılıq edir. Burada nazirin üzümçülük və şərabçılıq sahəsində qazandığı nailiyyətlər xüsusi vurğulanır. Qeyd edilir ki, onun müxtəlif növ şərab və digər şərabçılıq məhsullarının yeni texnologiyalarının işlənib hazırlanmasında, ənənəvi texnologiyaların təkmilləşdirilməsində böyük xidmətləri vardır. Bununla yanaşı, İ.Abasovun təşəbbüsü ilə ölkədə üzümçülük və şərabçılıq sahəsinin inkişafına yönəldilmiş bir sıra normativ-hüquqi sənədlər hazırlanmışdır.
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru T.Pənahov barədə məlumat verilir ki, onun rəhbər vəzifələrdə çalışarkən səmərəli fəaliyyəti sayəsində şərabçılıq sahəsi respublika iqtisadiyyatına böyük gəlir gətirmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, alimin işləyib hazırladığı texnologiya əsasında respublikada “Odlu” adlı tünd alkoqollu içkinin istehsalı dövlətə ildə 125 milyon rubl mənfəət verirdi. T.Pənahov otuzdan artıq elmi əsərin, ixtira və yeni texnologiyanın müəllifidir.
E.Yusifovanın şərabçılıqda qazandığı nailiyyətlərdən söz açılarkən “Maqala” tipli desert şərablarının, “Marsala” markalı şərabların texnologiyalarının işlənib hazırlanması və istehsalatda tətbiqi, şərab materialları və konyak spirtlərinin keyfiyyətinin yaxşılaşdırılması üsullarına geniş yer verilir. O, 50 elmi işin, 2 ixtiranın, tədris vəsaitlərinin müəllifidir.
Kitabda bioqrafiyası verilmiş digər şərabçı alimlərimizin də nailiyyətləri diqqətə çatdırılır.