MDB ÖLKƏLƏRİNİN V BEYNƏLXALQ “KİTAB SƏNƏTİ” MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iyunun 5-6-da MDB İcraiyyə Komitəsinin Dövrü mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində Dövlətlərarası Şurasının qərarı ilə Moskva şəhərində MDB ölkələrinin V Beynəlxalq “Kitab sənəti” müsabiqəsi keçirilmişdir. Tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu da münsiflər heyətinin tərkibinə daxil edilmişdi.
Ənənəvi iştirakçılar olan MDB ölkələrindən əlavə Litva naşirlərinin də yarışa qoşulması builki yubiley müsabiqəsinin fərqli cəhəti olmuşdur.
Müsabiqədə Azərbaycan kitabı bu dəfə də uğur qazanmışdır. Müsabiqənin yeddi nominasiyanın ikisində Azərbaycan kitabı qalib gələrək birinci yeri tutmuşdur. Bunlar Heydər Əliyev Fondu ilə İTAR-TASS-ın birgə layihəsi olan “Гейдар Алиев: “В России часть моей души…” fotoalbomu (“Содружество” nominasiyası) və “Şəki xan sarayı” (“Моя страна” nominasiyası) nəşrləridir.
“Qran-pri”də cəmi bir mükafat verildiyindən 40,5 xalla ikinci yeri tutan “Faiq Natavan. Alim” kitabına “Milli sənətin yüksək təbliği” xüsusi diplomu verilmişdir.
Bundan əlavə, daha iki kitabımız digər nominasiyalarda fərqləndirici diplomlara layiq görülmüşdür (Ч.Гаджар. “Старый Баку” Алтункитаб-2007 və “Эльчин. Пьесы” (Чинар-Чап-2007).
Beləliklə, müsabiqəyə təqdim olunan iyirmi Azərbaycan kitabından beşi müxtəlif dərəcəli mükafatla fərqləndirilmişdir.
Müsabiqənin şərtlərinə görə, mükafatların təqdimetmə mərasimi bu ilin sentyabr ayının 6-da XXI Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçiriləcəkdir.