MDB ORQANLARI GƏRGİN CƏDVƏL ÜZRƏ İŞLƏYƏCƏKLƏR
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ənənəvi Beynəlxalq iqtisadi forumun keçiriləcəyi Sankt-Peterburq şəhərində Birliyə üzv ölkələrin başçılarının qeyri-formal görüşü olacaqdır.
İyunun əvvəli MDB çərçivəsində bir çox qurumların, bölmələrin və ekspert qruplarının fəaliyyətinin müxtəlif sənəd layihələrinin hazırlanması baxımından gərgin dövrüdür. Belə ki, iyunun 3-6-da Bakıda, “Park İNN” hotelində Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın iclası keçiriləcəkdir.
Elə həmin günlərdə Moskvada MDB dövlətləri nümayəndələrinin MDB orqanlarının Birlik ölkələrinin büdcə vəsaiti hesabına maliyyələşdirilən vahid büdcə layihəsinin nəzərdən keçirilməsi və təkmilləşdirilməsi üzrə ekspert müşavirəsi keçiriləcəkdir.
Sənaye mülkiyyətinin mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın və İntellektual mülkiyyət sahəsində qanun pozuntularının aradan qaldırılmasına dair əməkdaşlıq haqqında Sazişin iştirakçısı olan dövlətlərin Birgə İşçi Komissiyasının birgə iclası isə Astanada təşkil olunacaqdır. Moldova paytaxtında üç tədbir - MDB ölkələri antiinhisar orqanlarının qarşılıqlı fəaliyyətinin əsas istiqamətləri üzrə İşçi qrupun iclası, antiinhisar siyasəti üzrə Dövlətlərarası Şuranın XXVII iclası, “Qloballaşma şəraitində rəqabət mühiti” mövzusunda beynəlxalaq konfrans keçiriləcəkdir.
Bişkekdə Birlik dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhət Şurasının XXI iclası və “Qarşılıqlı maraq doğuran sosial problemlərin həllində MDB dövlətlərinin əməkdaşlığının fəallaşması” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir. Şuranın Nijni Novqorodda keçiriləcək 47-ci iclasında Birlik ölkələri gömrük xidmətlərinin rəhbərləri görüşəcəklər.
MDB İcraiyyə Komitəsinin iqamətgahının yerləşdiyi Minskdə də bir sıra tədbirlər keçiriləcəkdir.