MDU-da “Beynəlxalq ekoloji terrorizm” mövzusunda elmi-praktik seminar keçirilib
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Beynəlxalq ekoloji terrorizm: dünyada və Azərbaycanda qarşılaşdığımız təhlükələr” mövzusunda elmi-praktik seminar təşkil olunub.
MDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi ekoloji terrorizmin qlobal və regional miqyasda yaratdığı təhlükələrə diqqət çəkmək, ekoloji problemlərin həlli yolları barədə müzakirələr aparmaq olub.
Seminarın moderatoru MDU-nun Fizika və Ekologiya kafedrasının müəllimi Fəridə Həsənli olub.
Tədbirdə “Müharibələrin və miqrant axınının ətraf mühitdə yaratdığı mənfi təsirlər”, “Müharibə və siyasi konfliktlərdə ekoloji terror”, “Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror”, “Ekoloji terrora son!” mövzularında məruzələr dinlənilib. Məruzələrdə ekoloji terrorizmin müxtəlif aspektləri, müharibələrin və siyasi qarşıdurmaların ətraf mühitə vurduğu ziyan, eləcə də Azərbaycanın bu sahədə qarşılaşdığı problemlər təhlil edilib.
Seminarın sonunda müzakirələr aparılıb, iştirakçılar ekoloji təhlükəsizlik sahəsində görülməli olan tədbirləri vurğulayıb və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
MDU ekoloji problemlərin araşdırılması və həlli yollarının müzakirəsinə xüsusi önəm verərək, bu istiqamətdə elmi tədbirlərin keçirilməsini davam etdirəcək.