MDU-da miqrasiyaya həsr olunan tədbir keçirilib
Bakı, 21 fevral, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) və Yevlax Regional Miqrasiya İdarəsinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili"nə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 18-ci ildönümünə həsr olunmuş “Qanunun aliliyinin və tam suverenliyin əldə olunmasının miqrasiya axınlarına təsiri və tənzimlənməyən miqrasiyaya qarşı mübarizə rolu” mövzusunda tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbiri açan MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov qanunun aliliyinin və suverenliyin təmin olunmasının miqrasiya proseslərinin tənzimlənməsindəki əhəmiyyətinə toxunaraq, belə tədbirlərin ölkəmizin miqrasiya siyasətinin daha da inkişafına töhfə verəcəyini vurğulayıb.
Tədbirdə Yevlax Regional Miqrasiya İdarəsinin rəisi Vüqar Xəlilov, Yevlax Regional Miqrasiya İdarəsinin qəbul şöbəsinin baş inspektoru İlham İbrahimov, Yevlax Regional Miqrasiya İdarəsinin nəzarət şöbəsinin baş inspektoru Fərid Sayılov və Yevlax Regional Miqrasiya İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzinin baş inspektoru Rəşad Hacıyev də çıxış edərək, miqrasiya proseslərinin tənzimlənməsi və qanunsuz miqrasiya ilə mübarizənin vacibliyini bildiriblər. Həmçinin tədbir iştirakçıları miqrasiya axınlarının müasir dövrdə dövlətlərin suverenliyinə və təhlükəsizliyinə necə təsir etdiyini müzakirə ediblər.
Sonda iştirakçılar müzakirələr apararaq, miqrasiyanın daha da yaxşı tənzimlənməsi ilə bağlı təkliflər irəli sürüblər.