MƏDƏNİ İRSİN QORUNMASI DEPUTATLARIN DİQQƏT MƏRKƏZİNDƏDİR
Milli Məclisin dekabrın 13-də keçirilən növbəti ümumi iclası parlamentin keçmiş deputatı, xalq şairi Cabir Novruzun xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlandı.
Deputatlar “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsini davam etdirdilər. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov layihə barədə məlumat verdi. İrəli sürülən təkliflər nəzərə alınmaqla, sənəd ikinci oxunuşda qəbul olundu.
Deputatların fikrincə, mühüm və aktual olan “Folklor nümunələrinin hüquqi qorunması haqqında” qanun layihəsi ətrafında maraqlı diskussiya getdi. Sənədin hazırlanması üçün mədəniyyət məsələləri daimi komissiyası nəzdində yaradılmış işçi qrupunun üzvləri Vaqif Səmədoğlu və Nizami Cəfərov dedilər ki, onun qəbul edilməsi Azərbaycanın milli-mədəni dəyərlərinin ermənilər tərəfindən mənimsənilməsi ilə hüquqi əsasda mübarizə aparmağa imkan verəcəkdir. Onlar qanun layihəsinin qəbul olunmasının zəruriliyini konkret faktlarla əsaslandıraraq bildirdilər ki, ABŞ, Fransa və Kanadada buraxılan xalq mahnılarımızdan ibarət kompakt disklər ermənilərin adına çıxılır. Ermənilər nağıllarımızı, dastanlarımızı, hətta milli xörəklərimizi də özlərininki kimi qələmə verirlər.
Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov qanun layihəsinin hüquqi cəhətləri barədə danışdı. O, parlament sədrinin müavini Ziyafət Əsgərovun folklor nümunələrimizin qorunmasının hüquqi mexanizmi haqqında sualına cavabında dedi ki, bu məsələni ölkəmizin də üzv olduğu YUNESKO və Dünya İntellektual Mülkiyyət Təşkilatı tənzimləyir.
Regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralovun mütəxəssislərin koməyi ilə xalqımızın mədəni dəyərlərinin inventarlaşdırılmasını keçirmək təklifi əməli təklif kimi qarşılandı. O dedi ki, biz ayrı-ayrı folklor nümunələrinin məhz bizim xalqa mənsub olduğunu dünya birliyinə ancaq bu yolla sübut edə bilərik.
Qanun layihəsi birinci oxunuşda təsdiq edildi və irəli sürülmüş qeyd və təkliflər nəzərə alındıqdan sonra ikinci oxunuşa təqdim olunacaqdır.