“MƏDƏNİYYƏT” KATALOQU TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 12-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin son bir ildəki fəaliyyətinə həsr olunmuş “Mədəniyyət” kataloqu təqdim edilmişdir.
Mədəniyyət və turizm nazirliyinin şöbə müdiri, şair-publisit Vaqif Bəhmənli tədbiri açaraq bildirmişdir ki, təqdim ounan kataloq nazirliyin vəsaiti hesabına “Əfəndi” MMC tərəfindən nəşr edilmişdir. Burada nazirliyin son bir ildəki fəaliyyəti öz əksini tapmışdır. Heydər Əliyevin portreti ilə açılan nəşri ulu öndərimizin anadan olmasının 85 illiyinə layiqli töhfə kimi dəyərləndirən natiq vurğulamışdır ki, Azərbaycan, rus və ingilis dillərində işıq üzü görmüş 320 səhifəlik toplu nəfis tərtib olunmuşdur, fotoşəkillərlə zəngindir. Mədəniyyətin ayrı-ayrı istiqamətlərinə həsr olunmuş materiallar müxtəlif rubrikalar altında verimişdir.
Kataloqun əhəmiyyətindən danışan nazir Əbülfəs Qarayev yeni nəşrin işıq üzü görməsi münasibətilə iştirakçıları təbrik etmiş, onun hazırlanmasında əməyi olan insanlara təşəkkürünü çatdırmışdır. Bildirmişdir ki, sovet dövründə Azərbaycan mədəniyyəti SSRİ məkanında təbliğ olunurdusa və tanınırdısa, indi o, dünyaya inteqrasiya edilir. O, bu istiqamətdə üç dildə nəşr edilən kataloqun əhəmiyyətini xüsusi vurğulamışdır. Demişdir ki, nazirliyin fəaliyyətində turizm mühüm yer tutduğundan nəşrdə bu sahə haqqında informasiyalara daha çox yer verilmişdir. Materiallar Rəhman Bədəlov, Məryəm Əlizadə, Aydın Talıbzadə, Niyazi Mehdi, Ülvi Mehdi, Teymur Daimi və başqa tanınmış mütəxəssislərin qələmindən çıxmışdır. Nazir onu da diqqətə çatdırmışdır ki, bu kataloq ilk qaranquşdur və indən belə hər il nəşr etdiriləcəkdir.
Tədbirdə bildirilmişdir ki, yüksək tərtibat və dizaynlı kataloqun baş redaktoru Leyla Əfəndiyevadır.
Kataloqda muğam sənətinin inkişafı və qorunmasına Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısından bəhs olunur, ötən il şəhərimizdə keçirilən klassik konsertlərdən, caz festivallarından, mövsümün ən yaxşı teatrı olan “ÜNS yaradıcılıq səhnəsi” Teatrı və bu teatrda səhnələşdirilən “Əli və Nino” tamaşasından söhbət açılır.
Yeni nəşrdə uşaq yaradıcılığı, nəşriyyat və digər mədəniyyət sahələrindəki problemlər, xaricdə təşkil olunan ən yaxşı konsert və sərgilər, modelyer Fəxriyyə Xələfovanın yaradıcılığı haqqında məqalələr dərc edilmişdir.
Kataloqda Azərbaycanın ən yaxşı fotoqraflarının mədəniyyətimizlə bağlı çəkdikləri keyfiyyətli fotolar və ayrı-ayrı məqalələr üçün maraqlı illüstrasiyalar da yer almışdır. Nəşrdə Azərbaycan dövlətinin apardığı mədəniyyət siyasətinin konkret nəticələri, yeni mədəni intibahın dərinləşməsi prosesi peşəkarlıqla ifadə edilmişdir.
AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca, sənətşünaslıq doktoru, teatrşünas Məryəm Əlizadə, Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev, Leyla Əfəndiyeva təqdimat mərasimində çıxış edərək kataloqun işıq üzü görməsini əhəmiyyətli hadisə kimi dəyərləndirmiş, Mədəniyyət və Turizm Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirmişlər.
######