Mədəniyyət naziri Salyanda vətəndaşlarla görüşüb
Salyan, 25 may, Mahir Babayev, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu davam edir. Mədəniyyət naziri Əbülfəs Qarayev mayın 25-də Salyan şəhərində vətəndaşlarla növbəti görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, nazir Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Biləsuvar, Neftçala, Salyan və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.
Görüşdən əvvəl mədəniyyət naziri Əbülfəs Qarayev və rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, dahi rəhbərin xatirəsini ehtiramla anıb.
Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.
Biləsuvar sakinləri muzeylər üçün əşyaların alınma prosedurunun sadələşdirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.
Neftçaladan qəbula yazılan vətəndaşların müraciətləri rayonda olan tarix memarlıq abidələrindən Bankə balıq kombinatının inzibati binası və rus kilsəsinin restavrasiyası, xarici ölkə vətəndaşlarının Heydər Əliyev Mərkəzində multimedia turunun təşkili üçün texniki vasitələrin alınması, Neftçala rayon mədəniyyət mərkəzinin dam örtüyünün təmir olunması, rayon Dövlət Rəsm Qalereyasına yeni əsərlərin verilməsi və digər məsələlər barədə olub.
Salyan sakinləri Azərbaycanda Qarabağ Müharibəsi Muzeyinin yaradılması, rayonda ilk kütləvi qiraətxananın açılmasının 115 illik yubileyinin respublika səviyyəsində qeyd olunması, Kürsəngi kəndində xalça sexinin yaradılması, yeni milli filmlərin alınması və ödənişli xidmətin genişləndirilməsi ilə bağlı müraciət ediblər.
Cəbrayıl sakinlərinin xahişləri Böyük Mərcanlı Uşaq incəsənət məktəbinə musiqi alətlərinin, Cocuq Mərcanlı kənd klubuna rəqs geyimləri və musiqi alətlərinin verilməsi və başqa məsələlər barədə olub.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.