Mədəniyyət və İncəsənət Universitetində Dövlət Bayrağı Günü qeyd edilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, universitetin rektoru, professor Timuçin Əfəndiyev universitetin müəllim və tələbə heyətini, tədbir iştirakçılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik etmişdir. O, Azərbaycan Respublikasının Dövlət Bayrağının suverenliyimizin, dövlətçiliyimizin və müstəqilliyimizin ən əziz və uca atributlarından biri olduğunu vurğulamışdır.
Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında”, 2009-cu il noyabrın 17-də isə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlar imzalamışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayraq Meydanının təntənəli açılış mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edənlər bu günün əhəmiyyətindən danışmışlar. Universitetin dosenti, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyimizin simvolu kimi bütün vətəndaşlarımız üçün müqəddəs dövlət rəmzlərindən birinə çevrilmişdir. Qürur hissi doğuracaq haldır ki, bayrağımız respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində dalğalanır, beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında ucaldılaraq milli birliyimizi təcəssüm etdirir.
Tədbir tələbələrin hazırladığı kompozisiyanın təqdimi ilə davam etmişdir.