MƏHKƏMƏ-HÜQUQ ŞURASININ GENİŞ İCLASI KEÇİRİLMİŞDİR
Tədbirdə şura üzvləri ilə yanaşı, iclasa dəvət olunmuş baş prokuror Zakir Qaralov, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev, Bakı və Sumqayıt şəhərlərindəki məhkəmələrin sədrləri iştirak etmişlər.
İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə görülən kompleks işlərə toxunmuş, dövlət başçısının təşəbbüsü ilə “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda əsaslı dəyişikliklər edilməsi və məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı Fərmanın imzalanması ilə məhkəmə islahatının keyfiyyətcə yeni mərhələyə keçdiyini bildirmişdir.
Ali Məhkəmənin sədri Ramiz Rzayev, baş prokuror Zakir Qaralov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev, məhkəmə sədrləri və digər natiqlər çıxış edərək, Prezidentin məlum Fərmanı ilə bölgələrdə apellyasiya məhkəmələrinin yaradılmasının, iqtisad məhkəmələri sisteminin, həmçinin blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası məhkəmə sisteminin təkmilləşdirilməsinin, eləcə də hakimlərin sayının artırılmasının və digər mütərəqqi dəyişikliklərin ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcəyini bildirmiş, Fərmandan irəli gələn məsələlərin həlli üzrə nəzərdə tutulan tədbirlərdən danışmışlar.
İclasın iştirakçıları həyata keçirilən islahatların insanlara qayğı göstərilərək, yerli əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşmasına, ədalət mühakiməsinə inamın artmasına, habelə bölgələrin sosial-iqtisadi inkişafına, xüsusilə yerli hüquqşünasların işlə təmin olunmasına, regionlarda vəkilliyin və digər hüquq təsisatlarının inkişafına, əhaliyə keyfiyyətli hüquqi yardım göstərilməsinə təkan verəcəyini qeyd etmişlər.
Məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi və yeni yaradılan məhkəmələrin təşkili, məhkəmə aparatlarının strukturunun və işinin yaxşılaşdırılması, hüquqşünasların peşə hazırlığının yüksəldilməsi məqsədi ilə Ali Ədliyyə Məktəbinin yaradılması, dövlətimizin başçısının Fərmanında məhkəmələrdə əmək və icra intizamının möhkəmləndirilməsi, hakimlərin fəaliyyətində yol verilən qanun pozuntularına və digər mənfi hallara qarşı ciddi tədbirlər görülməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün Məhkəmə-Hüquq Şurası tərəfindən konkret tədbirlər müəyyən olunmuş, o cümlədən ad hoc komissiyalar yaradılaraq, onlara müvafiq tapşırıqlar verilmişdir.
İclasda, həmçinin bu sahədə Avropa Şurası ilə birgə görüləcək işlər müzakirə edilmiş, Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilmişdir.
Şurada hakimlərin intizam məsuliyyəti məsələsinə baxılaraq, fəaliyyətlərində kobud qanun pozuntularına yol verdiklərinə görə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Faiq Qasımova, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin hakimi Məlahət Abdulmanafovaya töhmət verilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi İlqar Dəmirova irad tutulmuş, həmin məhkəmənin digər 2 hakimi - İsmayıl Vəliyevin və Tatyana Qoldmanın işlərə baxarkən yol verdikləri qüsurlar nəzərlərinə çatdırılmışdır. Həmçinin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin kollegiya sədri Asif Allahverdiyev, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimləri Azər Orucov və Həsən Əhmədov, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin hakimi Liliya Mavrina barəsində intizam icraatları başlanılmışdır.
İclasda məhkəmələrin fəaliyyətində mövcud nöqsanların aradan qaldırılması, hakimlərin məsuliyyət hissinin artırılması ilə bağlı tədbirlər çərçivəsində son dövr ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən ümumilikdə 28 hakim barəsində intizam icraatı başlanıldığı, fəaliyyətində yol verdiyi kobud qanun pozuntusuna görə Nizami Rayon Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi qeyd olunaraq, bu sahədə tələbkarlığın daha da artırılmasının zərurilyi vurğulanmışdır.