MƏHKƏMƏYƏ HÖRMƏTSİZLİK EDƏNLƏR LAYİQLİ CƏZALARINI ALACAQLAR
Hüquqi dövlət quruculuğunu həyata keçirən Azərbaycan Respublikasında da ümumbəşəri dəyərlərə müvafiq olaraq, məhkəmə hakimiyyətinin ictimai rolu legitim qanunun aliliyini təmin etməyə, ədalət mühakiməsinin əsas məqsədi isə hüquq ideyasının zorakılıq ideyası ilə əvəzlənməsinin qarşısını almağa istiqamətləndirilmişdir. Hüquqi dövlətin ümdə prinsiplərindən biri olan dövlət və şəxsiyyət arasında qarşılıqlı məsuliyyət vətəndaşların hüquqi mədəniyyətinin təzahürü kimi onların müstəqil məhkəmə hakimiyyətinə hörmətlə yanaşmasını və məhkəmənin fəaliyyətinə hər cür müdaxilənin yolverilməzliyini şərtləndirir.
Lakin təcrübə onu göstərir ki, qüvvədə olan qanunvericiliyin açıq və ədalətli məhkəmə baxışının təmin olunması sahəsində yaratdığı təminatlardan sui-istifadə edən bəzi vətəndaşlar öz etirazlarını legitim qaydada bildirmək əvəzinə, məhkəmə hakimiyyətinə hörmətsizlikdə ifadə olunan qanunsuz hərəkətlərə yol verirlər.
Respublika Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iddiaçı İsmayıl İsmayılovun keçmiş gəlini İsmayılzadə İrina Vladimirovnaya qarşı qeydiyyatdan çıxarılma və mülkiyyət hüququnun bərpası ilə əlaqədar məhkəmə qərarından verilmiş kassasiya şikayətinə 2006-cı il martın 17-də Ali Məhkəmədə baxılarkən, mülki işə hakim Günəş Xudaverdiyevanın sədrlik etdiyi tərkibdə baxılması barədə verdiyi etiraz təmin olunmadıqda, İ.İsmayılov və onun oğlu Şahin İsmayılzadə hakimlərə açıqcasına hörmətsizlik edərək, məhkəmə iclası qaydasını kobudcasına pozmuş, özlərini ədəbsiz aparıb hakimlərin rüşvətxor olduqlarını, hakimin qarşı tərəfdən külli miqdarda rüşvət aldığını bəyan edib hay-küy salmış, məhkəmə tərkibinə daxil olan digər hakimləri təhqir etmişlər.
Həmin faktla bağlı toplanmış material üzrə Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.2-ci maddəsi ilə cinayət işi başlanaraq, ibtidai araşdırma aparılmasından ötrü istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmişdir.
Azərbaycan Respublikası Prokurorluğu məhkəmələrə hörmətsizlik göstərilməsinin yolverilməz olduğunu və qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyət yaratdığını diqqətə çatdırmaqla bəyan edir ki, ədalət mühakiməsinin həyata keçirilməsinə qarşı yönəldilmiş bütün qanunsuz hərəkətlərin qarşısının qətiyyətlə alınması və təqsirkar şəxslər barəsində zəruri tədbirlərin görülməsi təmin olunacaqdır.