İDMAN
Meksika Qran-Prisinin promouterləri 2020-ci il üçün müraciət etməyiblər
Bakı, 5 mart, AZƏRTAC
Meksika hökuməti Formula 1 yürüşlərinə bundan sonra büdcə vəsaiti ayırmaq fikrində deyil. Bu populyar yürüşlərin təşkilatçıları indi daha çətin vəziyyətə düşüblər: onlar 2020-ci il üçün müraciətlərin qəbulunun ən son müddətini ötürüblər.
AZƏRTAC xəbər verir ki, əslində bu, meksikalı promouterlərin “Liberty Media”ya zəruri maliyyə zəmanəti təqdim etməməsini göstərir. Hazırkı müqaviləyə görə, bu məsələ fevralın sonunadək icra olunmalı idi.
Bununla belə, o demək deyil ki, Mexikoda yürüşlər 2019-cu ildə sonuncu ola bilər, çünki manevr üçün hələ vaxt mövcuddur və nəzəri cəhətdən onlar razılığa gələ bilərlər.
Meksikalı promouterlər öz Qran-Prilərinin xilasından ötrü bütün güclərini sərf edirlər. Lakin onlar etiraf etməyə məcburdurlar ki, hadisələr hələ də həyəcanlı ssenari üzrə cərəyan edir.
“Təşkilatçılar 2020-ci il mövsümündə yürüşlərin vaxtının qorunması hüququnu itirdilər. Lakin həm Formula 1, həm də ölkəmizin hakimiyyət orqanları ilə danışıqlar davam edir. Biz münasib alternativ variantlar tapmaq arzusundayıq”, - deyə dərc olunan bəyanatda bildirilir.
Bu il, həmçinin İspaniya, Böyük Britaniya, Almaniya və İtaliyada yürüşlərin keçirilməsi ilə bağlı müqavilələrin müddəti bitir. Əgər “Liberty” bu mərhələlərin promouterləri ilə güzəştə nail olmasa, o zaman birbaşa bir neçə klassik Avropa Qran-Priləri təhlükə ilə rastlaşacaq.
Bu vəziyyətdə Beynəlxalq Avtomobil Federasiyasının Ümumdünya Şurasının gələn həftəyə planlaşdırılan iclasında Formula 1-in təqvim məsələsinin müzakirəsi adəti üzrə olduğundan bir qədər əvvəl başlaya bilər.