DÜNYA
Meksikada COVID-19 əleyhinə “Merck” istifadəsinə icazə verilib
Madrid, 8 yanvar, AZƏRTAC
Meksikanın Sanitariya risklərindən müdafiə üzrə Federal Komissiyası “Merck” əczaçılıq şirkətinin COVID-19 əleyhinə istehsal etdiyi, bu ölkədə birinci preparatın istifadəsinə icazə verib.
AZƏRTAC Meksikanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, “Molnupiravir” həbləri yüngül və orta dərəcədə ağır koronavirus infeksiyalı pasiyentlərə təyin ediləcək. Hökumət xəbərdarlıq edib ki, müalicə peyvəndlənməni əvəz etmir və həkimlə məsləhətləşmədən qəbul edilməməlidir.
Sanitariya risklərindən müdafiə üzrə Federal Komissiyanın rəhbəri Alexandro Svarç Peres vurğulayıb ki, Meksika COVID-19 əleyhinə həblərin qəbuluna icazə verən ilk ölkələrdən biridir. Bu dərmanlar xəstəxanaya yatırılmaların və ölüm hallarının sayını təqribən 30 faiz azaldır.
Belə növ müalicəyə artıq ABŞ-da, Yaponiyada icazə verilib və Kanada, Avstraliya, İsveçrə kimi ölkələrdə öyrənilir.
Meksika Prezidenti Andres Manuel Lopes Obrador göstəriş verib ki, preparatın hər kəsdən ötrü əlçatan olması üçün əsasən bütün dövlət xəstəxanalarında tətbiq olunacaq.
Pandemiya başlanandan bəri Meksikada 4 milyondan yuxarı koronavirusa yoluxma və 300 mindən artıq ölüm halları qeydə alınıb. “Omikron” variantının aşkarlandığı bazar ertəsindən bəri gündəlik yoluxmaların sayı təqribən 875 faiz artıb. Meksika hökuməti təkidlə bildirir ki, yeni “omikron” ştamının təhlükəlilik səviyyəsi digər variantlardakı kimi deyil.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid