“Məktəbli könüllü” proqramına start verilir
Bakı, 1 dekabr, AZƏRTAC
Məktəblilərin sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunmaları məqsədilə “Məktəbli könüllü” proqramına start verilir. Proqram “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Proqrama qoşulan şagirdlər nə əldə edəcəklər?
- məktəblilərin yerli icmaların inkişafı istiqamətində mövcud infrastrukturların yaxşılaşdırılması, abadlaşdırılması və ictimai xidmətlə bağlı layihələrə cəlb edilməsi;
- ekoloji problemlərin həlli və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün müntəzəm olaraq məktəblilərin maarifləndirilməsi, iməcilik aksiyalarının təşkili - ağacəkmə, tullantıların təmizlənməsi, resurslardan səmərəli istifadə;
- məktəbdə karyera klublarının formalaşdırılması, həmçinin asudə vaxtın səmərəli təşkili üçün dil, idman, incəsənət kimi sahələrdə ictimai klubların təşkili və onlara məktəblilərin özlərinin rəhbərlik etmələri;
- məktəblilərin şəxsi inkişafına dəstək verəcək müxtəlif mövzulu yay və qış düşərgələrinin təşkili;
- məktəbdaxili intellektual, sosial tipli müsabiqə və yarışların təşkili;
- Bakı və region məktəbləri arasında kommunikasiya mühiti yaratmaqla şəbəkələşmənin təmin edilməsi və birgə fəaliyyətlərin təşkili.
“Məktəbli könüllü” proqramına qeydiyyat dekabrın 31-dək aparılacaq.
Proqramın tərəfdaşı olmaq istəyən məktəblər isə [email protected] ünvanı vasitəsilə müraciət edə bilərlər.