Məktəblilər üçün Kembric imtahanlarına qeydiyyat elan olunub
Bakı, 2 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “A2 Key/A2 Key for schools” və “B1 Preliminary/ B1 Preliminary for schools” imtahanlarına qeydiyyat elan edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat iyulun 1-dək davam edəcək. İmtahan iyulun 8-də DİM-in Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən binasında təşkil olunacaq.
Qeyd edək ki, “B1 Preliminary/B1 Preliminary for Schools” imtahanı ingilis dilinin əsaslarını mənimsəmiş və gündəlik istifadə üçün praktik dil bacarıqlarına sahib olan məktəblilər üçün tərtib edilən orta səviyyəli beynəlxalq dil kvalifikasiyasıdır. Bu imtahan 4 bölmədən ibarətdir:
Oxu (Reading) - 45 dəqiqə;
Yazı (Writing) – 45 dəqiqə;
Dinləmə (Listening) - 35 dəqiqə;
Danışıq (Speaking) – 14 dəqiqə.
“A2 Key/A2 Key for Schools” kvalifikasiyasını almaqla isə namizəd sadə vəziyyətlərdə ünsiyyət qurmaq üçün ingilis dilindən istifadə edə bilir, əsas ifadələri başa düşür və tətbiq edir. Bu imtahan da 4 bölmədən ibarətdir:
Oxu (Reading) və Yazı (Writing) – ümumilikdə 1 saat davam edəcək.
Dinləmə (Listening) - 30 dəqiqə;
Danışıq (Speaking) – 12 dəqiqə.
Qeyd edək ki, hər iki imtahanın oxu, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən götürülür.
İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.
Qeydiyyat və Kembric kvalifikasiyaları barədə daha ətraflı məlumatla DİM-dən tanış olmaq mümkündür.
İmtahana gələn namizədlər mütləq şəkildə şəkilli şəxsiyyət vəsiqəsini və Confirmation of Entry (CoE) sənədini ([email protected] ünvanından göndərilir) özləri ilə gətirməlidirlər. Şəkilli şəxsiyyət vəsiqəsi olmadığı halda, namizəd təhsil aldığı məktəbdən arayış təqdim etməlidir.
Əlavə məlumat üçün [email protected] elektron poçtu ünvanına suallarınızı ünvanlaya bilərsiniz.