ELM VƏ TƏHSİL
Məktəblilərin vətənpərvərlik tərbiyəsində hərbi idman oyunları böyük rol oynayır
Bakı, 24 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar hərbi idman bayramına başlanılıb.
Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən hərbi idman bayramının əsas məqsədi hərbi-fiziki hərəkət və oyunları tədqiq etmək, onların müxtəlif növlərinin mahiyyətini və məzmununu açmaqla gənc nəslin hərbi-fiziki tərbiyəsinin inkişafına nail olmaq, yeniyetmə və gəncləri maarifləndirmək, vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltməkdir.
Bakı şəhəri 117 və 151 nömrəli tam orta məktəblərdə keçirilən hərbi idman bayramında şagirdlər birinci yer uğrunda bütün səy və bacarıqlarını səfərbər ediblər.
117 nömrəli tam orta məktəbin komandaları arasında “Çağdaş”, 151 nömrəli tam orta məktəbin komandaları arasında isə “Şahinlər” komandası birinci yerə layiq görülüb.
Qeyd edək ki, keçirilən hərbi idman oyunlarına Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri, Azərbaycan Respublikası Əmək və Müharibə Veteranları Təşkilatının əməkdaşları, Qarabağ müharibəsi veteranları dəvət ediliblər.
Çıxış edənlər şagirdlərin gələcəkdə Vətənə layiqli əsgər və yetkin vətəndaş olacaqlarına əminliklərini bildiriblər.
Sonda qaliblərə diplom və fəxri fərman verilib.
Onu da qeyd edək ki, tədris ilinin sonunadək bütün ümumi təhsil müəssisələrində hərbi idman bayramının keçirilməsi nəzərdə tutulub. Hərbi idman bayramının təşkili və məzmunu ilə bağlı paytaxtın ümumtəhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə təlim-metodiki toplantılar da təşkil edilib.