Məktəblilərin Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib
Bakı, 1 noyabr, AZƏRTAC
Təsviri Sənət Qalereyasında paytaxt məktəblilərinin 8 Noyabr - Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, sərginin keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış tarixi Zəfəri əsərlərdə nümayiş etdirməkdir. Eyni zamanda, xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdir.
Sərgini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə rəhbərləri, 44 günlük Vətən müharibəsində iştirak edən müəllimlər, ictimaiyyət nümayəndələri, şagirdlər izləyiblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi nəticəsində Zəfər Gününə gedən yoldan bəhs edib. Vətən müharibəsinin gedişi bir daha onu göstərdi ki, təhsil sisteminin yetişdirdiyi vətəndaş, ilk növbədə, öz köklərinə və əzəli torpaqlarına bağlı, hər qarış torpaq üçün canından keçməyə hazır olan, xalqın adət-ənənələrinə və mənəvi dəyərlərinə sadiq vətənpərvərdir.
Ordumuzun yüksək vətənpərvərlik ruhunun formalaşmasında Azərbaycan təhsilinin mühüm rolu olduğunu deyən Mehriban Vəliyeva müəllimin missiyasının, sadəcə, öz fənnini tədris etməklə, məktəblilərə bilik və bacarıqlar aşılamaqla yekunlaşmadığını və ən yaxşı müəllimin, ilk növbədə, şagirdlərə Vətəni sevməyi öyrədən olduğunu diqqətə çatdırıb.
İdarə müdiri Vətən müharibəsində iştirak edən Bakı məktəblərinin 38 müəlliminin yalnız sinif otağında deyil, döyüş meydanında da vətənpərvərlik dərsi keçdiyini, yetirmələri ilə çiyin-çiyinə vuruşaraq şanlı tariximizə öz imzasını atdığını söyləyib.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, 30 ilə yaxın davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və məcburi köçkünlərə doğma yurdlarına qayıtmaq imkanlarının yaradılması müasir tariximizin ən möhtəşəm hadisələridir.
Qeyd edək ki, sərgidə 150-dən çox əl işi və rəsm əsərləri nümayiş olunur.